
Rusiyanın "Anji" klubunun Türkiyədə yerli "Elazığspor"la yoxlama oyunu başa çatmayıb. Sportnet.az-ın məlumatına görə, Mahaçqala təmsilçisinin "Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin bir vaxtlar oynadığı I liqa təmsilçisi ilə matçı ilk hissədə yarımçıq dayandırılıb.
Buna səbəb futbolçular arasında düşən dava-dalaş olub.
"Anji" Twitter"dəki şəxsi səhifəsində bununla bağlı məlumat yayıb: "Buraxılan qoldan sonra Türkiyə komandandasının futbolçuları özlərini haqsız şəkildə aqressiv aparmağa və bizim futbolçuları hər cəhdlə təxribata çəkməyə çalışırdılar. Dava-dalaş oyunçumuz Batraz Xadartsevin topu uğurlu almasından başladı. Rəqib futbolçular komanda şəklində onun üzərinə cumdular. Meydanda bir anda "Elazığspor"un bütün ehtiyat oyunçular skamyası oldu. "Anji"nin baş məşqçisi komandanı paltardəyişmə otağına aparmağa qərar verdi".
Maraqlıdır ki, bu komandalar arasında bir neçə il əvvəl keçirilən yoxlama oyununda da belə xoşagəlməz olay baş verib.
Qeyd edək ki, "Anji"nin baş məşqçisi erməni Aleksandr Qriqoryandır.