
Türkiyənin "Qalatasaray" klubu mövsümün əvvəlindən tətbiq etdiyi xüsusi mükafat verməmək qaydasını bu gün "Fənərbağça" ilə Superliqadakı səfər matçına şamil etməyəcək.
Sportnet.az-ın "Habertürk"ə istinadən məlumatına görə, səfər qələbəsi üçün yüksək məbləğdə mükafat müəyyənləşdirilib. "Cim-Bom" 18 ildən çoxdur qalib gələ bilmədiyi "Şükrü Saracoğlu" stadionunda bu gün qələbə qazanacağı təqdirdə, futbolçuların hər birinə 15 - 20 min avro ödəniləcək. Məbləğ onların meydanda qalma müddətindən asılı olaraq, dəyişəcək.
Qeyd edək ki, "Qalatasaray" "Fənərbağça"nı səfərdə sonuncu dəfə 1999-cu il dekabrın 22-də yenməyi bacarıb - 2:1. Həmin görüşdən sonra iki komanda 18-i Superliqa, 3-ü isə ölkə kubokunda olmaqla, 21 görüşə çıxıb. Bunların 15-də "sarı-lacivərdlilər" qələbə qazanıb, 6-da isə heç-heçə qeydə alınıb. Hazırda Superliqada 25 turdan sonra "Qalatasaray" 53 xalla 1-ci pillədə qərarlaşıb. "Fənərbağça" isə 47 xalla 4-cüdür.