"Kuba idmançıları ilə birgə təlim-məşq toplanışı keçirik. Bu isə xeyirlidir. Bir tərəfdən rəqiblərimizlə görüşürük, onları tanıyırıq. İnanıram ki, bunun faydasını görəcəyik". Bunu Sportnet.az açıqlamasında 75 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçisi Elvin Mürsəliyev deyib.
28 yaşlı pəhlavan 2016-cı il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan danışıb: "Öz çəkimdə olimpiadaya vəsiqə qazanan Kuba idmançısı var. Onu da birinci dəfərdir ki, burada tanıyıb, görürəm. O Amerikada lisenziya aldığı üçün Avropa və başqa yarışlarda görməmişəm. Mənim çəkimdə Rafiq Hüseynovla aramızda rəqabət yoxdur. Şər deməsən xeyir gəlməz. Zədə, problem olmasa olimpiadaya mənim getmək imkanım var. Rafiqdə 80 kq-dr və o da olimpiya çəkisinə aid deyil".
O, Rio-2016-da öz çəkisində çıxış edəcək digər güləşçilərdən də söz açıb: "Olimpiadada zəif rəqib olmur və hər kəs güclüdür. Demək olar ki, ilk gündən sonadək final əhəmiyyətlə görüşlər olur. heç kim uduzmaq istəməz. Bu da çəkdiyin əziyyətə, zəhmətə bağlıdır. Nə qədər çox əziyyət çəksən, o qədər də bəhrəsini görərsən. Düşünürəm ki, təlim-məşq toplanışlarında lazımi qədər işləmişəm. Ümid edirəm ki bunun da nəticəsini görəcəyəm əv medal qazanacağam".
Sahib ƏSƏDBƏYLİ
Yazı AFFA yanında Media Komitəsinin dəstəyilə hazırlanıb.