Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirini 2 medalla başa vurub.
Sportnet.az-ın məlumatına görə, İslam Abbasov (87 kq) qızıl, Sənan Süleymanov (77 kq) isə bürünc medala yiyələnib. Rəqibləri tatamiyə çıxmadıqları üçün güləşçilərə texniki qələbə verilib.
Abbasov finala çıxdığı üçün Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edib.
60 kq-dakı Murad Məmmədov isə zədə səbəbindən döşək üzərinə çıxmayıb və texniki məğlubiyyət alıb.
Qeyd edək ki, Azərbaycan güləşçiləri Budapeştdə ümumilikdə 3 lisenziya qazanıb. Bununla da Tokio olimpiadasına vəsiqələrin sayı beşə çatıb. Ölkəmiz Oyunlarda sərbəst güləşdə 65, 74 və 97 kq, qadın güləşində 50 kq, yunan-Roma güləşində isə 87 kq-da təmsil olunacaq.
Xatırladaq ki, sonuncu lisenziya yarışı - Dünya Olimpiya Təsnifat turniri 6 - 9 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Həmin yarışda da hər çəkidə ilk iki yerin sahibi ölkəsinə olimpiya lisenziyası qazandıracaq.