FIFA ilk dəfə 15 yaşadək futbolçular arasında dünya çempionatı təsis edib.
İlk təşkilatçı isə kim olsa yaxşıdır? Əlbəttə, AFFA!
Amma bir detal var: xəbəri hələ AFFA özü paylaşmayıb. FIFA gecədən elan edib, biz isə gözləyirik ki, bəlkə də federasiyanın sosial media komandası hələ "xəbər daxil olub" qovluğunu açmayıb.
Necə deyərlər, qız evində toydur, oğlan evinin xəbəri yoxdur.
Əslində isə bu, Azərbaycan futbolu üçün kifayət qədər ciddi hadisədir. Dünya futbolunun yeni layihəsinə ilk ev sahibliyi edən ölkə olmaq az şey deyil. Üstəlik, 2026-cı ildə dünya futbolunun ən böyük tədbiri olan böyüklər arasında dünya çempionatını üç ölkə – ABŞ, Kanada və Meksika birlikdə keçirir. Biz isə... futbol ailəsində özümüzə başqa bir "dünya çempionatı payı" götürmüşük – 15 yaşadək oğlanların mundialı. Kiçik yaş qrupu, amma böyük məsuliyyət.
2012-ci ildə Bakıda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatından sonra ilk dəfə FIFA bayrağı altında belə böyük turnir Azərbaycana həvalə olunur. Həmin vaxt olduğu kimi, indi də əsas məsələ təkcə turniri keçirmək yox, bu fürsətdən istifadə etməkdir.
Çünki ev sahibi olmaq bir tərəfdən gözəl xəbərdir, digər tərəfdən isə suallar yaradır. Bu uşaqlar üçün hansı baza hazırlanacaq? Akademiyalar nə verəcək? U-15 millisi bu şansı necə dəyərləndirəcək? Dünya çempionatına sadəcə "iştirakçı" kimi çıxacağıq, yoxsa həqiqətən də futbolçularımız üçün yeni qapılar açılacaq?
Bir də maraqlı məqam: 2022-ci ildən sonra beynəlxalq yarışlardan kənarda qalan Rusiya komandalarının da bu turnirdə iştirak ehtimalı yaranır. Yəni Azərbaycan həm yeni FIFA yarışının ilk ünvanı olacaq, həm də beynəlxalq futbol gündəminin diqqət mərkəzinə düşəcək.
AFFA isə hələ bir az da gözləsin. Elə xəbərin özü gəlib, təbriklər də gələcək. Amma bir az tələsmək pis olmazdı. Axı belə xəbərlərdə də ilk olmaq var.
Məsəl var: axırda sevinən qazanır.











































































