FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi siyahıda 45 pillə irəliləyib.
Sentyabrda açıqlanan siyahıdfa 133-cü pillədə qərarlaşan Robert Prosineçkinin rəhbərlik etdiyi komanda bu dəfə 404 xalla 88-ci pillədə yer alıb. Milli komanda 2018-ci dünya çempionatının seçmə mərhələsində San Marinonu səfərdə, Norveç yığmalasını isə evdə 1:0 hesabı ilə məğlub edib. Çexiya ilə səfər oyunundan isə Azərbaycan qolsuz heç-heçə ilə qayıdıb.
Azərbaycanın seçmə qrup mərhələsindəki rəqiblərindən Almaniya yığması 1 pillə irəliləyərək 1465 xalla 2-ci yüksəlib. 6 pillə geriləyən Şimali irlandiya 739 xalla 36-cı, 11 pillə geriləyən Norveç 438 xalla 81-ci, 7 pillə geriləyən Çexiya 663 xalla 40-cı pillədədir. Aktivində 17 xal olan San Marino yığması isə 201-ci pillədə qərarlaşıb.
Dünya çempionatına ev sahibliyi edəcək Rusiya yığması 594 xalla 15 pillə geriləyərək 53-cü pillədə dayanıb. 4 pillə geriləyərək 25-ci olan Türkiyənın aktivində isə 843 xal var.
Siyahıya 1621 xalla yenə Argentina başçılıq edir. İlk üçlüyü isə 1410 xalla Braziliya qapayır.
Qeyd edək ki, növbəti reytinq cədvəli noyabrın 24-də açıqlanacaq.