Yunanıstanın PAOK klubunun heyətində "Qarabağ”a yaxşı tanış olan futbolçu yer alıb. Sportnet.az-ın məlumatına görə, bu, ötən il karyerası 4 ay Azərbaycana bağlı olmuş argentinalı Fakundo Pereyradır.
Bakıya rəqib kimi gələn 29 yaşlı yarımüdafiəçi ötən mövsümün ilk yarısında "Qəbələ”də oynayıb.
Həmin vaxt "qırmızı-qaralar” çempionatda 2 dəfə "Qarabağ”la üzləşsələr də, Fakundo yalnız birində heyətdə olub. Məsələ onadır ki, komandaların ötən çempionatın ilk turunda – avqustun 10-da Qəbələdə 2:2 hesablı bərabərliyə qaldıqları matçda Pereyranın keçidi baş tutmamışdı. Bu, yalnız avqustun son günlərində "transfer pəncərəsi”nin bağlanması ərəfəsində reallaşıb.
"Qarabağ”la "Qəbələ”nin ötən ilin sonunda "Azərsun Arena”da 1:1 hesabı ilə nəticələnən görüşündə isə ehtiyatda olan Fakundo sona 6 dəqiqə kapitan Dodonu əvəzləyib. Yeri gəlmişkən, yunanların qənimi olan, hazırda karyerasını Yunanıstanda davam etdirən braziliyalı yarımmüdafiəçi Suraxanıdakı matçda penaltini qaçırmaqla yadda qalmışdı.
Pereyra "Qəbələ” ümumilikdə 15 oyunda (14 Premyer Liqa, 1 kubok) 738 dəqiqə meydanda olub. Onun vurduğu 5 qoldan 4-ü çempionata, 1-i kuboka təsadüf edib. İntizamlı futbolçu olan Fakundo heç sarı vərəqə da almayıb.
Xatırladaq ki, "Qəbələ”nin ötən il Avropa Liqasının qrup mərhələsinin startı öncəsi PAOK-dan icarəyə götürdüyü Pereyra razılaşmaya əsaəsən Salonikidə matçda meydana çıxmamışdı. O, cari mövsümdə Avropa Liqasında Tiflisdə "Dinamo”ya 3:0 hesabı ilə qalib gəldikləri matçda qol vurub.