1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqov: "Oyuna hazır deyildim" - MÜSAHİBƏ
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Yunanıstan PAOK-u ilə Avropa Liqasının qrup mərhələsinin III tur matçından sonra brifinq keçirib. Təcrübəli müdafiəçi Sportnet.az-ın da sualını cavablandırıb...
- Yükün böyük hissəsini çiyninizdən atdınız, yoxsa...?
- Tam əksinə, düşünürəm ki, əsl yükü çiynimizə indi aldıq. Artıq qrupda şansların bərabərləşdiyini demək olar. Amma nəzərə almalıyıq ki, növbəti oyunumuz elə PAOK-la səfərdədir. Bundan sonra da soyuqqanlı qalaraq, işimizə davam etməliyik.
- Sanki ilk 15 dəqiqə ərzində səndə narahatlıq var idi...
- Ümumiyyətlə, oyuna hazır deyildim. Bu, aydın məsələdir. Komanda ilə cəmi bir gün məşq etmişdim. Daha iki gün isə fərdi məşqlə kifayətlənmişdim. İtkilərimiz var idi. Bunu nəzərə alan baş məşqçimiz Qurban Qurbanov oyundan əvvəl mənə "Oynamağını istəyirəm" dedi. Mən də meydanda əlimdən gələni edirdim. 7-8 gün idi ki, məşq etmirdim. Özüm də hazır olmadığımı bilirdim. Amma çox yaxşı haldır ki, sonadək meydanda qaldım.
- İlk yarıda meydanda tam fərqli PAOK var idi. Amma ikinci hissədə "Qarabağ" qol vurduqdan sonra həvəsdən düşən və ya yorğun rəqib gördük. Əslində meydanda nə baş verirdi?
- PAOK ilk hissədə dəhşətli dərəcədə çox pressinq edirdi. Bizim də müdafiədən çıxmağımız istədiyimiz kimi alınmırdı. İkinci hissədə isə ola bilsin, müdafiədən çıxmağımız daha yaxşı alındı və ya rəqibin pressinq gücü əvvəlki kimi olmadı. Bilmirəm, dəqiq səbəb nə idi. Əsas odur ki, biz qələbə qazandıq. Həm də qol buraxmadan qalib gəldik. Qrup mərhələsi yekunlaşdıqdan sonra şəxsi oyunlardakı nəticələr böyük rol oynayır. Buna görə də qol buraxmadan qələbə qazanmağın daha önəmli olduğunu düşünürəm.
- Rəqibi artıq tanıyırsınız. İki həftə elə PAOK-la səfərdə keçirəcəyiniz görüşdən nə gözləyirsiniz?
- PAOK tam fərqli oyun sərgiləyəcək. Yunanıstanda 90 dəqiqə pressinq edən rəqiblə üz-üzə gələcəyimizi düşünürük. Ev oyunu olduğundan, böyük azarkeş dəstəkləri olacaq. Bunların hamısını bilirik. Çox vacib oyuna çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə göstərək.
- Arxa xətdə tez-tez top itkilərinə yol verirdiniz...
- Ümumiyyətlə, PAOK bizi çox yaxşı analiz etmişdi. Biz müdafiədə topla oynamağı sevirik. Buna görə də bütün gedişlərimizi bağlayırdılar. Belə olan hallarda çox da risk etmirdik. Uzun ötürmələr verirdik ki, rəqibin topu alaraq, əks-hücum qurmasına şərait yaratmayaq. Məndə də, Bədavi Hüseynovda da top itkiləri oldu. Belə pressinqlər edən komandalara qarşı top itkilərinin olması normaldır.
- Həftəsonu Yunanıstan çempionatında PAOK - "Olimpiakos" matçı var. İmkanın olsa, bu oyunu canlı izləyəcəksən?
- Fürsət olsa, izləyərəm. Bizim də "Neftçi" ilə çox vacib oyunumuz var. Bu görüşə hazırlaşacağıq. Bizi də, PAOK-u da önəmli matç gözləyir. Xeyirlisi nədirsə, o da olsun.
- Bu qədər azarkeş gözləyirdiniz?
- Düzü, gözləmirdim. Fürsətdən istifadə edərək, onlara minnətdarlığımı bildirirəm ki, bizə bu cür dəstək oldular. Dünən hamı 7-8 min azarkeşin olacağını deyirdi. Amma mən inanırdım ki, oyuna xeyli azarkeş gələcək. Onlar həmişə bizim yanımızda olublar. İnanırdım ki, yenə yanımızda olacaqlar. Bir daha təşəkkür edirəm.
- Meydanın durumu sizə kömək oldu, yoxsa maneçilik törətdi?
- Ot örtüyü İsveç "Göteborq"u ilə Avropa Liqasının "pley-off" matçı ilə müqayisədə yaxşı formada idi. Baxmayaraq ki, bəzən ayağımıza ot kəsəkləri dəyirdi.