Azərbaycan klubları çıxış etdikləri Avropa Liqasının qrup mərhələsində yeni rekorduna doğru gedir. Sportnet.az-ın məlumatına görə, bu, "Qarabağ”ın timsalında qol sayı ilə bağlıdır.
Ağdam klubu qrup mərhələsində 3-cü oyununda 5-ci qolunu vurmaqla bir mövsüm üzrə elə özünün rekorduna şərik çıxıb. Belə ki, Qurban Qurbanovun komandası ötən mövsüm də bu mərhələdə 5 qol vurmuşdu. Bu isə ölkəmizin 2012-ci ildən təmsil olunduğu qrupda ən məhsuldar göstəricisidir.
Ancaq fərq ondadır ki, "Qarabağ” ötən il 5 qolu 6, bu dəfə isə artıq 3 oyuna vurub. Deməli, qalan 3 matçda qeydə alınacaq növbəti qol yeni rekord demək olacaq.
"Qarabağ” qrupda debüt mövsümündə 6 oyuna cəmi 2 qol vurub. "Neftçi” debütündə 4, "Qəbələ” isə 2 dəfə rəqib qapısına yol tapıb. İndisə "Qəbələ” 3 oyuna 3 qol vurub.
Ağdam təmsilçisi ötən mövsümün son oyununu nəzərə alsaq, qrupda ardıcl 4 matçdır meydanı qolsuz tərk etmir ki, bu da rekorddur. "Anderlext”lə keçən ilin dekabrında Brüsseldəki matçda fərqlənməklə bu uğurlu seriyanın əsasını qoyan Dani Kintana "Qarabağ”da avrokuboklarda artıq 3-cü qoluna imza atıb. Rahid Əmirquliyev isə "Qarabağ”ın heyətində avrokuboklarda qol hesabını açıb, ümumilikdə 2-ci dəfə fərqlənib. O, ilk qolunu "Xəzər Lənkəran”ın heyətində Avropa Liqasında Maltanın "Slima” klubuna vurub.