Azərbaycan milli komandasının futbolçusu Kamran Ağayev Portuqaliyanın "Boavişta" klubunun heyətində növbəti oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, ölkə kubokunu da nəzərə alsaq 4-cü matçını keçirən 30 yaşlı qapıçı çempionatda "Maritimo" ilə səfər matçında əsas heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. Millimizin digər üzvü - yarımmüdafiəçi Emin Mahmudovun adı bu dəfə də matçın protokoluna daxil edilməyib.
Oyunun ikinci hissəsində top Ağayevdə olan kimi yerli azarkeşlərin uğultu səsləri ilə qapıçımıza etirazlarını bildirmələri diqqət çəkib. Bu, yekun nəticənin qeydə alındığı 1:1-dən sonra olub. "Boavişta" ilk hissənin ortasında penaltidən qol buraxıb. Bu, 8 turdan sonra komandanın qapısına təyin olunan 4-cü 11 metrlik cərimə zərbəsi olub ki, bunun yalnız 1-i dəqiq olmayıb. Onda da Kamran "Boavişta"nın qoldan xilas edib. Qonaqlar fasilədən az sonra hesabda tarazlıq yarada biliblər. Matçın 74-cü dəqiqəsində isə Ağayev sarı vərəqə alıb. Bu, onun Portuqaliyada ilk cəzası olub.
Qeyd edək ki, "Boavişta" 8 oyundan sonra 9 xalla turnir cədvəlində 18 komanda arasında 10-dur.
Portuqaliya çempionatı, VIII tur
"Maritimo" - "Boavişta" - 1:1
Qollar: Dieqo Souza, 27-pen - Karraska, 52