"Hər bir ukraynalı Azərbaycan haqda 3 şeyi bilməlidir".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Vitali Vernidub vətəni Ukraynada yayımlanan "Moya qra" verilişinə müsahibəsində deyib. 29 yaşlı müdafiəçi bildirib ki, Azərbaycanda qoyun ətini çox sevirlər. Vernidub Bakıda çox isti olduğunu da vurğulayıb: "35 dərəcə temperatur yay üçün normadır. Amma elə hiss var ki, kimsə gəlir və arxadan fenlə səni küləkləyir".
Təcrübəli oyunçu üçüncü məqam kimi ölkəmizdə çox inanclı insanların olmalarını vurğulayıb: "Onlar inanca çox həssas yanaşırlar. Bu məsələdə çox səliqəli davranmaq lazımdır. Danışıqlarına fikir verməli və ümumiyyətlə, insanlara hörmətlə münasibət bəsləməlisən. Məni insanların Ramazanda necə dözdükləri təəccübləndirir. Həmin dövrdə onlara gündüz vaxtı yemək, içmək olmaz. Bu, günəş batanadək belə davam etməlidir. Məhz həmin dövrdə bizim gündə iki ağır məşqimiz olur. Onlar isə dözürlər: yemirlər, su içmirlər".
Vernidub Azərbaycanda böyüklərə çox böyük hörmətin də onu xeyli təəccübləndirdiyini vurğulayıb: "Bu, futbola da aiddir. Gənc futbolçular özlərindən böyükləri irəli buraxır, onlara kofe gətirirlər. Elə hallar olur ki, bel çantalarını aparırlar".
Əvəzində ukraynalı legioner Azərbaycanda avtomobil idarə etməyə öyrəşməyin çətin olduğunu söyləyib: "Orada sürücülər ekstravaqantdırlar. Sürücü əlini qaldırdısa, hamı dayanmalı və onun iki maşın arasından keçməsini gözləməlidir. Çox özünəməxsus yol hərəkəti qaydaları var. Demək olar ki, hərənin öz qaydası mövcuddur. Mən orada maşın idarə etmirəm".
Qeyd edək ki, Vitali Vernidub 2015-ci ilin iyunundan "Qəbələ"də çıxış edir.