"Qəbələ”nin ukraynalı legioneri Vitali Vernidub öz ölkəsinin mətbuatına müsahibə verib. Sportnet.az 29 yaşlı müdafiəçinin həmin müsahibəsini təqdim edir...
- "Qəbələ"yə keçidin necə alındı?
- Mən əvvəldən qarşıma məqsəd kimi Ukrayna çempionatının "top komanda”sında oynamağı qoymuşdum. Vaxt gedirdi və demək olar ki, ağlasığmaz təklifə və inkişafa nail olmadım. Deməli, Ukraynanın "top komanda”ları üçün yetərincə yaxşı futbolçu deyildim. Səviyyəm necədir? Aşkar olaraq "top futbolçu” deyiləm. Axı mən "top komanda”larda oynamamışam. Yəqin ki, orta səviyyəliyəm. Bu, mənim fikrimdir. Ola bilər ki, kimsə başqa cür hesab edir. Ola bilər ki, yüksək, ola bilər aşağı səviyyədə... Mən artıq qarşıma məqsəd qoymuşdum, gözləməyə vaxt yox idi, yaş gedirdi... Təklif gəldi və açıq deyək ki, maddi cəhətdən yaxşı idi. Bu, həm mənim, həm də ailəm üçün sərfəli idi. Buna görə də qərar qəbul etməli oldum. Hamı deyirdi: "O, Azərbaycana karyerasını bitirməyə gedir”. Ancaq mən bir şeyi bilirdim ki, Roman İosifoviçin yanına gedirəm. Onunla isə karyeranı bitirmək real deyil. İnanın mənə. Siz lap Antarktidada pinqvinlərlə oynasanız belə, Qriqorçukla karyeranızı bitirməyəcəyiniz dəqiqdir. Pul? Mən qazandım və qazanıram da. Ancaq hər şeydən öncə odur ki, Avropa arenasında təcrübə əldə edirəm. Ötən il ciddi rəqibimiz vardı – "Borussiya” (Dortmund). Onunla oyun çox maraqlı idi. Bu il "Lill” oldu. Çoxları hesab edir ki, Azərbaycan çempionatı çox aşağı səviyyədədir. Ancaq mən belə deməzdim. Bu çempionatda oynamaq çox maraqlıdır. "Qarabağ” güclü komandadır. "Neftçi” var, heç də pis olmayan komandalar var. Onlarla oyunlarda hətta aparıcı klublarımız əziyyət çəkərdilər. Həmin "Qarabağ” ciddi yanaşma ilə çox ciddi komandadır. O, Avropa arenasında özünü göstərib. Orda oynamaq maraqlıdır.
- Azərbaycan çempionatının Ukrayna Premyer Liqasından əsas fərqi nədir?
- Matçların çoxu sintetik, süni ot örtüklü meydançalarda keçirilir. Bu, biz az mənfi cəhətdir. Bir qarşılaşmanı təbii otda oynayırsan, növbətini sintetikdə. Bir az çətindir.
- Azərbaycan komandalarının Ukrayna ilə müqayisədə maddi vəziyyəti necədir?
- Ukraynadakı kimi təxminən eynidir. İki-üç komanda var ki, maddi vəziyyəti çox yaxşıdır. Digərlərində bir az pisdir. Təxminən eynidir.
- Atan Yuri Vernidub deyirdi ki, "Qəbələ”də az oynayırsan...
- Bəli, çempionatın ilk yarısında az oynayırdım. Ancaq ona görə ki, yetərincə yaxşı deyildim. Qaydasında olsaydım, oynayardım. Problem yalnız məndədir. Mən hər şeyi tez yoluna qoymaq, vəziyyəti dəyişmək, komandaya böyük fayda vermək istəyirdim. Fikrimcə, bu, ötən çempionatın sonunda məndə alındı. Mən istədiyimə nail oldum. Bundan sonra qarşıma əsas heyətdə oynamağı məqsəd qoyuram. Atam fikirləşirdi ki, mən komandamı dəyişmək haqda düşünürəm? Yəqin ki, o məni düzgün başa düşməyib. Ancaq komandanı dəyişməklə bağlı söhbət olmamışdı. Mən atama hörmət edirəm. Ona sadəcə, dedim ki, belə şeyləri söyləmək lazım deyil. Çünki belə alınar ki, mən qalmaqala gedirəm. Mən isə bunu qətiyyən etmirəm. Həmişə problemi ilk növbədə özümdə görürəm.
- Yeri gəlmişkən, "Qəbələ”də səndən başqa daha bir ukraynalı – qapıçı Dmitri Bezotosnı oynayır. Onunla münasibətiniz necədir?
- Qəbələdə ayrılıqda yaşayırıq, ancaq səfərdə birgə qalmağa çalışırıq. Biz həmişə ünsiyyət qururuq, bir-birimizi uzaq buraxmamağa çalışırıq. Biz gülərək deyirik ki, artıq iki qardaş kimiyik. Bu yaxında məşqə eyni əşyalarla gəlmişdik. Dedim ki, birgə yaşamağımız hədər getmir.
- Futbol arzunuz nədir?
- Əlbəttə, istənilən futbolçumuzun arzusu Ukrayna yığmasında oynamaqdır. Ancaq başa düşürəm ki, bu, artıq çətindir. Daha gənc, istedadlı, güclü futbolçular var. Başa düşürəm ki, ora düşmək artıq çətin olacaq. Ancaq arzulamağı heç kim qadağa etmir. Ona görə də yığma haqda düşünürəm.