
Bu gün Azərbaycan milli komandası 2019-cu ildə ilk yoldaşlıq görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, "Bakcell Arena"da keçirilmiş qarşılaşmada rəqib Litva yığması olub. Görüş qolsuz bərabərliklə yekunlaşıb.
Baş məşqçi Nikola Yurçeviç Xorvatiya ilə AVRO-2020-nin seçmə qrup matçı ilə müqayisədə əsas heyətdə 4 dəyişiklik edib. Qapını Səlahət Ağayev qoruyub. Müdafiənin mərkəzində Bədavi Hüseynovla Anton Krivotsyuk, cinahlarda kapitan Maksim Medvedevlə Təmkin Xəlilzadə yer alıb. Orta xətdə Qara Qarayev, Riçard Almeyda, Eddi İsrafilov və Araz Abdullayev qərarlaşıb. Hücumda isə Rüfət Dadaşovla Ramil Şeydayev meydana çıxıb. Rahil Məmmədov, Şəhriyar Rəhimov, Mahir Mədətov və Dimitri Nazarov bu dəfə ehtiyatda qalıb. Onları müvafiq olaraq Krivotsyuk, Xəlilzadə, Abdullayev və Dadaşov əvəzləyib.
Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü şəraitində keçsə də, rəqib qapısı önündə real qol vəziyyəti yaratmaq mümkün olmayıb. Şeydayev, İsrafilov və Dadaşov bir neçə epizodda zərbə endirsələr də, Litva yığmasının qolkiperi Dzyuqas Bartkus etibarlı oynayıb. Fasilədən dərhal sonra Almeydanı əvəzləyən Dmitri Nazarov ardıcıl 2 dəfə qapını yoxlayıb, lakin məntiqi nəticə olmayıb. 64-cü dəqiqədə Abdullayevi Mahir Mədətov əvəzləyib. Bir qədər sonra isə Dadaşovun yerinə Namik Ələskərov oyuna qoşulub. 75-ci dəqiqədə isə zədələnən İsrafilovu Əli Babayev dəyişib. Bundan 10 dəqiqə sonra Emin Mahmudov Qarayevi əvəzləyib. Son dəqiqələrdə isə Mirabdulla Abbasov oyuna daxil olub.
İlk yarıda olduğu kimi, ikinci hissədə də diqtə edən tərəf Azərbaycan millisi olub. Lakin bütün cəhdlərə baxmayaraq matçda hesab açılmayıb - 0:0.
Görüşü AFFA prezidenti Rövnəq Abdullayev də canlı izləyib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını iyunda AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcək. Yığma ayın 8-də Macarıstanı, 11-də isə Slovakiyanı qəbul edəcək.
Qeyd edək ki, təqvimə əsasən, hər iki komanda AVRO-2020-nin seçmə mərhələsində II turu buraxıb. İlk turda isə Azərbaycan səfərdə Xorvatiyaya, Litva isə Lüksemburqa eyni hesabla uduzub - 1:2.
Həm Nikola Yurçeviç, həm də Valdas Urbonas baş məşqçi olduqları yığmanı bu il ilk dəfə yoldaşlıq görüşündə sınaqdan çıxaracaq. Əvvəllər isə bu komandalar 2 dəfə qarşılaşıblar. 1998-ci ildə Estoniyanın Vilyandi şəhərində təşkil olunmuş matçda Azərbaycan 2:1, 2008-ci ildə Vilnüsdə baş tutmuş qarşılaşmada Litva 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki ölkə yığması həm də ilk dəfə Bakıda üz-üzə gəlib.
Yoldaşlıq görüşü
25 mart
18:00. Azərbaycan - Litva - 0:0
Ehtiyat oyunçular: Emil Balayev, Şahrudin Məhəmmədəliyev, Rahil Məmmədov, Şəhriyar Rəhimov, Ömər Buludov, Mahir Mədətov, Emin Mahmudov, Dimitri Nazarov, Əli Babayev, Namik Ələskərov, Mirabdulla Abbasov
Baş məşqçi: Nikola Yurçeviç
Litva: 1. Emiliyus Zubas, 2. Linas Klimaviçyus, 3. Markus Palionis, 8. Egidiyus Vaytkunas, 10. Paulyus Qolubiçka, 11. Arvidas Novikovas, 14. Vikintas Slivka, 18. Modesta Vorobyov, 21. Neriyus Valskis, 22. Fyodor Çernıx (k), 23. Rolandas Baravikas.
Ehtiyat oyunçular: 12. Cüqas Bartkus, 16. Ernestas Setkus, 4. Vitautas Andriuskeviçyus, 5. Algis Yankauskas, 6. Yustinas Marazas, 9. Donatas Kazlauskas, 13. Saulyus Mikolyunas, 15. Deymantas Petraviçyus, 17. Mantas Kuklis, 20. Rimvidas Sadauskas.
Baş məşqçi: Valdas Urbonas