"Maraqlı və yaxşı oyun alındı. Hər iki hissədə fərqli heyətlə mübarizə apardıq. Əfsuslar olsun ki, 2-3 futbolçumuz zədəlidir. Amma uzun müddət oynamayan futbolçuları bu gün meydanda gördük. Rəqib də yaxşı və güclü komandadır. Düşündük ki, oynamayan uşaqların meydanda olmaları bizim üçün siqnal olar. Gələcək oyunlarda necə hazırlıqlı olmaları bu cür oyunlarda bilinir. Hamısından razı qaldım. İlk hissədəki futbolçuların çempionatda oynamaq şansları azaldığı elə bu matçda sezilirdi. Ümumi kollektivdən geri qaldılar. Ancaq pis deyil, hərəkətli oyun gördük".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib. 41 yaşlı mütəxəssis jurnalistlərin digər suallarını da cavablandırıb...
- “Zirə” son turlar yüksəlişdədir. Növbəti turda rəqibiniz “Səbail” olacaq. Vacib qarşılaşma ilə bağlı düşüncələriniz necədir?
- Artıq 7 oyun qalıb, bu da çox deyil. Son dövrədə xallar itirmək bizə baha başa gələ bilər. Çox oyunumuz qalmayıb ki, xal itirsək, növbəti görüşləri düşünək. Bu da böyük problemlər yarada bilər. Ona görə də xal itirmək istəmirik. Uduzmaq istəmirik və uğurlu oyunları davam etdirmək niyyətindəyik. Düzdür, oyun çətin keçəcək. Rəqib 3-cü yerdə qərarlaşıb, həddindən artıq çətin olacaq. Baxmayaraq ki, “Səbail”i evdə qəbul edəcəyik. Son 7 oyun ölüm-dirim olacaq. Çalışcağıq ki, uduzmayaq.
- “Zirə”nin ilk "dördlüy"ə düşmə şanslarını necə dəyərləndirirsiniz?
- Belə şansımız var, itməyib. Uduzmadan getsək, inanıram ki, buna nail olacağıq.
- “Səbail” Maykl Essyeni transfer etdi. Sizin əlinizdə belə şans olsa, hansısa ulduz futbolçunu transfer etməyə çalışarsınız? Ümumiyyətlə, “Səbail”in bu addımına münasibətiniz necədir?
- Mən bunun tərəfdarıyam. Buna görə də “Səbail”ə təşəkkür etmək lazımdır. Futbolumuzu, çempionatımızı tanıtdırmaq baxımından yaxşı addımdır. 10 nəfər azarkeş gələcəksə, bu da “Səbail”in payına təşəkkür kimi yazılmalıdır. Klublarımzın imkanı düşdükcə belə addım atmaları doğrudur.
- Milli komandanın AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzduğu oyunla bağlı fikirləriniz necədir?
- Bildiyimə görə, yığmadan əsas AFFA razı qalıb. Nəsə demək çox çətindir. Görünən odur ki, bütün futbolçular bacardığını deməyək, bütün güclərini meydanda qoyurdular. Dmitri Nazarovla Mahir Mədətovun işləmələri, müdafiəyə kömək etmələri, bu qədər çalışmaları ürəkaçan idi. Zatən bilirdik ki, xorvatlara qarşı başqa cür oynaya bilmərik. Oyundan sonra futbolçuların müsahibələrini oxudum. Özləri inanırlar ki, yaxşı və düzgün yoldadırlar. Əsas odur ki, buna inanırlar.
- Ancaq azarkeşlər Mədətovla Nazarovu daha çox tənqid edirdilər...
- Mən baş məşqçinin onlardan nə tələb etdiyini bilmirəm. Robert Prosineçki və Qurban Qurbanovun dönəmində futbolçulardan nə tələb olunduğu bəlli idi. Nikola Yurçeviçin ilk oyunu idi və onun istədiklərini demək çətindir. Burada rəqib də çox önəmli idi. Xorvatiya kimi komanda sən nə etmək istəsən də, müdafiədə oturmağa məcbur edəcək. Mahirlə Dimanın işgüzarlığını vurğulamaq istəyirəm, ironiya ilə adlarını çəkmədim. Müdafiəyə də kömək edirdilər və bu da onlara xas deyildi. Yəqin baş məşqçiyə özlərini göstərmək istəyirdilər. Yerlərini möhkəmlətmək üçün çalışırdılar və bu da yaxşı haldır. İroniya ilə fikir bildirmədim.
- Millinin heyətində Xorvatiya ilə oyunda ən yaxşı kim idi?
- Kimisə vurğulamaq çox çətin məsələdir. Məncə, ən yaxşısı Ramil Şeydayev idi.
- Nikola Yurçeviç Litva ilə oyundan öncə açıq məşq zamanı jurnalistlərə bildirdi ki, mənə futbolçu təklif edin, baxım. Bəs siz Yurçeviçə kimi təklif edə bilərsiniz?
- Mən ona İsmayıl Fofananı təklif edirəm. İsmayıl da Azərbaycan adıdır.