“Bu məğlubiyyəti gözləmirdik. Hər iki oyuna baxsaq, yaxşı olmadığımızı söyləmək olar”.
Sportnet.az xəbər verir ki, bunu “Jutarnji List”ə AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə birgə E qrupunda yer alan Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç ilk iki turun oyunlarını dəyərləndirərkən deyib.
53 yaşlı mütəxəssis bildirib ki, həm evdə Azərbaycanı məğlub etdikləri, həm də səfərdə Macarıstana eyni - 1:2 hesabı ilə uduzduqları görüşlərdə istədikləri futbolu sərgiləməyi bacarmayıblar: “Azərbaycan millisini səbr və ustalıq sayəsində məğlub etdik. İkinci matçda isə belə olmadı. Macarıstanda görüşün ilk yarısında pis çıxış etmədik. Oyuna düzgün köklənmiş və yaxşı başlamışdıq. Lakin hesabı açandan sonra arxayınlaşdıq və bizim səhvlərimizdən sonra rəqib özünü toparladı. İkinci yarıda durumu dəyişməyə cəhd etsək də, düzgün oynaya bilmədik. Yekunda yaxşı nəticəyə layiq iş görməyi bacarmadıq”.
Qeyd edək ki, iki turdan sonra E qrupunda Slovakiya, Uels, Macarıstan və Xorvatiya yığmalarının hərəyə 3 xalı var. Keçirdiyi bir oyunda uduzan Azərbaycan millisi isə sonuncu sıradadır ("Report").