
“Sampdoriya” klubunun hücumçusu Fabio Kvalyarella İtaliya millisinin heyətində rekorda imza atıb.
Sportnet.az xəbər verir ki, Kvalyarella yığma tarixinə qol vuran ən yaşlı futbolçu kimi düşüb. O, komandasının AVRO-2020-nin seçmə mərhələsinin II turunda evdə Lixtenşteyni 6:0 hesabı ilə məğlub etdiyi matçın 35 və 45-ci dəqiqələrində penaltini dəqiq yerinə yetirməklə 36 yaş 54 günlüyündə fərqlənib.
Millidə 2010-cu ildə debüt edən Kvalyarella indiyədək 28 oyunda 7 qol vurub. Hazırda A Seriyasında bombardirlik yarışında lider olan forvard 27 görüşdə 21 qola imza atıb və 7 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Lixtenşteyn yığması ilə qarşılaşmada İtaliya millisində debüt edən Leonardo Pavoletti ilk qolunu vurub. Noyabrın 26-da 31 yaşı tamam olacaq hücumçu 76-cı dəqiqədə fərqlənib.