UEFA İntizam Komitəsi Ukrayna yığmasına qarşı iş açıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, milliləşdirilmiş braziliyalı hücumçu Junior Moraesin AVRO-2020-nin iki seçmə matçında iştirakı ilə əlaqədardır. Məsələyə komitənin yaxın iclaslarından birində baxılacağı açıqlanıb. Lakin dəqiq tarix məlum deyil.
Moraesin AVRO-2020-nin seçmə matçlarında iştirakından Portuqaliya və Lüksemburq Futbol federasiyaları şikayət edib. Onlar 31 yaşlı forvardın Ukrayna yığmasında çıxış etmək huququnun olmadığını iddia edirlər. Bu, "sambaçı"nın yeni vətənində ölkəni tərk etmədən 5 il yaşamaması ilə əlaqələndirilir.
Etirazlar qəbul olunsa, Ukrayna yığmasına ilk 2 oyun üçün texniki məğlubiyyət verilə bilər. Halbuki Andrey Şevçenkonun baş məşqçi olduğu kollektiv səfərdə Portuqaliya ilə qolsuz heç-heçəyə, Lüksemburq üzərində isə 2:1 hesablı qələbəyə nail olub. Hazırda bu komanda 4 xalla B qrupunun lideridir.