“AVRO-2020-yə vəsiqə qazanmaq çox çətindir, amma bu bizim məqsədimizdir”.
Sportnet.az xəbər verir ki, bunu “Real TV”yə müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədov AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qarşısına qoyulan məqsədlərdən danışarkən deyib.
Federasiya rəsmisinin sözlərinə görə, Millətlər Liqası vasitəsi ilə Avropa çempionatında düşmək şansını itirən yığma seçmə mərhələdə yer aldığı E qrupunda maksimum nəticə əldə etməyə çalışacaq: “Millətlər Liqası başlayanda bu məqsədi açıqlamışdıq. İlk hədəf qrupda birinci olmaq, pley-offa vəsiqə qazanmaq idi. Təəssüf ki, bunu edə bilmədik. Millətlər Liqası daha asan yol idi. Çünki rəqiblərimiz bizim reytinqə uyğun idi. Bu, əlavə imkan və asan yol idi. Təəssüf ki, asan yoldan istifadə edə bilmədik və daha çətin yolla getməyə başladıq. İndi də məqsədimiz AVRO-2020-yə düşməkdir və baş məşqçi Nikola Yurçeviç bunu bilir. Son oyunlar da göstərdi ki, tək Xorvatiya deyil, digər komandalar da mübarizə aparmaq, favorit olmaq istəyir. Ümid edirəm ki, iyunda keçiriləcək oyunlardan sonra biz də hədəflərimizə yaxınlaşacağıq”.
Baş katibi AFFA-nın yığma üzvlərinə Litva komandası ilə yoldaşlıq görüşündə qolsuz heç-heçəyə mükafat verilməsinin media və sosial şəbəkələrdə müzakirə olunmasına da toxunub: “Berti Foqts, Robert Prosineçki və Qurban Qurbanovun vaxtında da mükafatlandırma sistemi olub. Mükafatlar qələbə və heç-heçəyə verilib və yoldaşlıq görüşlərinə də şamil edilib. Bu məsələ media və sosial şəbəkədə müzakirə olundu. Amma hiss etdim ki, bu müzakirələr süni şəkildədir. Çünki əvvəlki illərdə mükafat veriləndə müzakirə olunmurdu. Milli komandada oynayan futbolçular AFFA-dan maaş almırlar. Onlar yığmaya 3-5 günlük gəlirlər və ezamiyyət pulu alıralar. Ona görə də yaxşı nəticə olanda çalışırıq ki, mükatlandıraq. Çünki bu, onlara maliyyə dəstəyi verməyimiz üçün yeganə imkandır”.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını iyunda AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcək. Yığma ayın 8-də Macarıstan, 11-də isə Slovakiya kollektivini qəbul edəcək. (Report)