Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, III qrupda mübarizə aparan yığma 4-cü matçında Moldova seçməsinin qonağı olub və rəqibini 5:3 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra xallarını 12-yə çatdıran Joze Alesio da Silvanın başçılıq etdiyi kollektiv sona 2 tur qalmış liderliyini daha da möhkəmlədib və digər qruplardakı matçların da nəticələrindən asılı olaraq, tarixində ardıcıl 6-cı dəfə turnirin final mərhələsinə vəsiqə qazanıb.
Moldova isə 4 xalla 3-cü pillədə qərarlaşıb. Bu qrupdakı digər komandalardan Slovakiya 7 xalla 2-ci, xalı olmayan Yunanıstan isə sonuncudur.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin oyunları 2022-ci il 19 yanvar - 6 fevralda Niderlanda təşkil olunacaq.
-----------------------------------------
Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, 3-cü qrupda yer alan yığma sayca dördüncü sınağında Moldova seçməsinin qonağı olacaq. Çoresku şəhərindəki "FMF Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qarşılaşmanın əsas referisi polşalı Damian Qrabovski olacaq. İkinci hakim funksiyasını onun həmyerlisi Dominik Tsipinski yerinə yetirəcək. Matçın üçüncü hakimi moldovalı Viktor Bugenko, UEFA nümayəndəsi isə serbiyalı Zoran Dimiç olacaq.
Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup
20:30. Moldova - Azərbaycan - 3:5
Qollar: Adrian Laşku, 31, Sergey Nikolayçuk, 36, Andrey Neqara, 37 - Hadi Ahmedi, 7, Vassura, 37, 23, Ramiz Çovdarov, 28, Yulian Kojokaru, 35 (avtoqol)
Hakimlər: Damian Qrabovski, Dominik Tsipinski (Polşa), Viktor Bugenko (Moldova)
Qırmızı vərəqə: Andrian Laşku, 40 (Moldova)
Çoresku, "FMF Arena".
Qeyd edək ki, 3 oyundan sonra Azərbaycan yığması 9 xalla 1-ci, Moldova 4 xalla 3-cü pillədə qərarlaşıb. Joze Alesionun başçılıq etdiyi kollektiv bu gün qələbə qazanacağı halda final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edə bilər.
Qrupda IV turun ilk matçında Yunanıstanı 5:0 hesabı ilə məğlub etmiş Slovakiya 7 xalla 2-ci pillədə yer alıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.