
"Səbail"i evdə 4:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra "Neftçi"nin baş məşqçisi Samir Abasovun mətbuat konfransında maraqlı olay yaşanıb.
Sportnet.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssisə Stiven Jozef-Monrozun ikinci qolu vurduqdan sonra üzünü tribunaya tutaraq, eynək işarəsi və kürəyini göstərməsi ilə bağlı sual ünvanlanıb. Həmin epizodu görmədiyini deyən Abasov "O nə deməkdir ki?! Bəlkə eynək sifariş edib, tez gəlməsini gözləyir?" deyə cavab verib.
Bu zaman klubun mətbuat katibi Rüstəm Allahverdiyev məsələyə belə aydınlıq gətirib: "Dünən klubumuzun prezidenti Kamran Quliyev məşq vaxtı Monroza "Görünmürsən, səni çoxdandır görmürəm" deyib. Futbolçumuz da qolu vurduqdan sonra "Burdayam" cavabını vermək istəyirdi. Sadəcə, aralarında zarafat olmuşdu".
Baş məşqçi isə əlavə edib: "Bax, mən demədim, mətbuat katibi dedi. Sonra mənim üstümə yıxmayın ki, oyundan sonra belə açıqlamalar verirsən".