"Kamboca millisinin baş məşqçisi yox, baş meneceriyəm. Burada böyük bir layihə var. Orada yaxşı insanlar işləyir. Yığmaya vaxt ayırmaq mənim üçün problem olmayacaq. Təbii ki, mənim üçün ilk sırada klubum dayanır".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin yeni transferi Keysuke Honda “Bakcell Arena”dakı təqdimetmə mərasimində deyib.
4 nömrəli formanı seçməsinin səbəbini də açıqlayan 35 yaşlı yarımmüdafiəçi bu rəqəmi sevdiyini bildirib: "Yaponiya millisində də bu nömrə altında oynamışam. 4 nömrə ilə daha çox qol vurmuşam. Bəziləriniz bu cavabıma gülə bilərsiniz. Mətbuat konfransı çox çətin keçir".
Təcrübəli futbolçu Yaponiya millisi ilə Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etmək arzusunda olduğunu gizlətməyib: "Mümkünsüz heç nə yoxdur. Düzdür, çətin olacaq. 23 yaşdan yuxarı 3 oyunçu seçiləcək. Millidə oynamışam. “Neftçi”də yaxşı oyun nümayiş etdirərək, yığmanın məşqçilər heyətinin etimadını qazanmağa çalışacağam".