Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə "Qarabağ" Azərbaycanın U-21 yığması ilə yoxlama oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, Ağdam komandasının heyətində 14 futbolçu milli komandaların düşərgəsində olduğu üçün baş məşqçi Qurban Qurbanov bu matçda ehtiyat qüvvəni sınayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada U-21 4:2 hesabı ilə qalib gəlib. Matçdan sonra baş məşqçi Qurban Qurbanov klubun saytına açıqlama verib:
"Həmişə hər oyuna maksimum konsentrasiya ilə, diqqətlə çıxmağı istəmişəm və tələb eləmişəm. Ehtiyacımız olan hazırlıq xarakterli matç idi. Fikrimcə, bu qarşılaşmada bizə lazım olanı əldə etdik. Milli komandalarda olan futbolçularımızın zədəsiz qayıtmasını gözləyirik. Aprelin 3-4-nə kimi bir yoxlama oyunu da keçirə bilərik. Bəzi futbolçuların hazırlıq çatışmazlıqları var. Onları və mikrozədələri bərpa etməyə çalışacağıq. Əlimizdə olan futbolçularla hazırlaşıb, gözləyəcəyik".