"Martın 18-i axşam məşqinin əvvəlində arxa əzələmdə ağrı hiss etdim. Buna görə məşqi başa vura bilmədim. Müayinədən sonra bəlli oldu ki, sağ ayağımda əzələni saran pərdə qatında ikinci dərəcəli yırtıq əmələ gəlib".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Qara Qarayev Ağdam klubunun rəsmi saytına açıqlamasında zədəsi barədə danışarkən deyib.
Zədə səbəbindən yığmanın heyətindən çıxarılan 29 yaşlı yarımmüdafiəçi baş məşqçi Canni De Byazinin ona Bakıda qalmağı məsləhət gördüyünü söyləyib: "Milli komandanın həkimi ilə məsləhətləşdik, iki gün sonra təkrar MRT (Maqnit Rezonans Tomoqrafiya) etdik. Həkim təkrar müayinədən sonra Serbiya yığması ilə oyun gününə - martın 30-dək məşqlərə qatılmağımın mümkünsüz olduğunu söylədi. Millimizin baş məşqçisi Canni De Byazi ilə görüşdə o, mənə Bakıda qalmağımı və müalicə almağımı məsləhət gördü".
Təcrübəli oyunçu bildirib ki, yığmaya dəvət alandan bəri ilk dəfədir, kolektivdən ayrı düşür: "Milli komanda hər birimizin arzusudur. Yığmanın formasını hər zaman şərəflə geyinmişəm. Hər zaman canla-başla millidə oynamağa çalışmışıq. Hazırda komanda yoldaşlarımdan ayrı düşmüşəm və bu durum mənim üçün çox çətindir. Təəssüf ki, idmançı karyerası belədir və bəzən gözlənilməz zədələr baş verir. Yığma komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram".
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.