
"Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Portuqaliyanın oyunlarını izləmişik. Hansısa mövqedə axsadıqlarını demək çətindir. Əlbəttə ki, bu, bizə problem yaradacaq. Amma bunun da çıxış yolu var".
Sportnet.az-ın məlumatına görə, bunları Azərbaycan millisinin kapitanı Maksim Medvedev AFFA-nın rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu barədə danışarkən deyib.
32 yaşlı müdafiəçi bildirib ki, arxa xətdə daha diqqətli oynamaq lazımdır: "Sıx oynasaq, biri-birimizə dəstək olsaq və fərdi mübrizələrdən məğlub ayrılmasaq, işimizi asanlaşdıra bilərik. Maksimum bacarığımızı ortaya qoymalıyıq. Bütün bacarığımızı nümayiş etdirə bilsək, qol vura bilərik. Müdafiə xəttinə xüsusi diqqət yetirməliyik. Daha sonra standart vəziyyətlərdə və ya əks-hücumlarda istəyimizə nail ola bilərik".
Portuqaliya millisinə qarşı daha əvvəl oynadığını xatırladan Medvedev dünyanın ən yaxşı komandalarından biri ilə qarşılaşacaqlarını söyləyib: "Əvvəlki heyətdən, demək olar ki, tək mən qalmışam. İndi heyətə cəlb olunan futbolçuların çoxu gəncdir. Bu səviyyədə oyunlarda iştirak etməyiblər. Elə futbolçu var ki, heç avrokuboklarda oynamayıb. Avropanın ortabab komandalarına qarşı oynamırıq ki, deyək, uşaqlara çətin olacaq. Qrupumuzda yer alan ən çətin rəqibə, dünyanın ən yaxşı komandalarından birinə qarşı mübarizə aparacağıq”.
Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.