"Portuqaliya futbol ölkəsidir. Heyətində top klubların formasını geyinən ulduz futbolçular var. Onlara qarşı oynamaq tək bizim üçün yox, bir çox komandalar üçün çətindir".
Sportnet.az-ın məlumatına görə, bunları Azərbaycan millisinin futbolçusu Namik Ələskərov AFFA-nın rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu barədə danışarkən deyib.
26 yaşlı yarımmüdafiəçi bildirib ki, təqvimdən şikayətlənməyə əsas yoxdur: "İstənilən halda, qrupumuzda yer alan bütün komandalara qarşı oynayacağıq. Bizi çox çətin oyun gözləyir. Komanda bir neçə gündür birlikdə hazırlıq keçir. Əlimizdən gələni edəcəyik ki, yaxşı mübarizə aparaq. Bizə dəstək olan, güvənən insanlar inansın ki, komanda olaraq yaxşı nəticə qazanmaq üçün var gücümüzü ortaya qoyacağıq”.
Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.