"Bir həftədir ki, təlim-məşq toplanışındayıq. Məşqçilərin verdiyi proqram əsasında hazırlıq keçmişik. Komanda olaraq məşqçinin bizdən nə istədiyini anladığımızı düşünürəm. Verilən tapşırıqları, tələb olunanları meydanda yerinə yetirməyə çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunları Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə AFFA-nın rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu barədə danışarkən deyib.
24 yaşlı müdafiəçi rəqibin oyununu yaxşı analiz etdiklərini vurğulayıb: "Əlavə məlumata ehtiyac yoxdur. Demək olar ki, bütün futbolçularını yaxından tanıyırıq, nəyə qadir olduqlarını bilirik. Təlim-məşq toplanışında Portuqaliyanın oyunlarını detallı şəkildə, bizim bilmədiyimiz nüansları məşqçilərin vasitəsilə analiz etmişik. Sabah dünyanın ən yaxşı futbolçularına qarşı oynayacağıq. Hər bir futbolçu üçün çox məsuliyyətli oyundur. Baş məşqçi şans verəcəyi təqdirdə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Özümüzü sübut etmək baxımından bu oyun bizim üçün bir şansdır”.
Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.