
"Meydanda əzmlə, istəklə mübarizə aparmalıyıq. Hamı bir nəfər kimi oynasa, heç-heçəyə nail ola bilərik. Həyatda mümkünsüz heç nə yoxdur".
Sportnet.az-ın məlumatına görə, bunları Azərbaycan millisinin futbolçusu Azər Salahlı AFFA-nın rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu barədə danışarkən deyib.
27 yaşlı müdafiəçi rəqibi yaxşı analiz etdiklərini bildirib: "İnanıram ki, bunun bəhrəsini görəcəyik. Portuqaliyanın heyətində dünya səviyyəli futbolçular var. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq üçün meydana çıxırlar. Düşünmürəm ki, bizimlə oyuna qeyri-ciddi yanaşsınlar. Onlara qarşı bir saniyə belə boş dayanmaq olmaz. Son ana qədər mübarizə aparmaq lazımdır. Uğur qazanmaq istəyiriksə, daha istəkli olmalı, daha çox qaçmalıyıq".
Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.