
"Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yığmalarına dəvət almayan futbolçular üçün yaxşı fürsət yaranır. Bu dönəm öz üzərimizdə işləmək və çatışmayan cəhətləri aradan qaldırmaq üçün yaxşı hesab edilməlidir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Kevin Medina klubun rəsmi saytına açıqlamasında hazırlıq prosesi barədə danışarkən deyib.
Kolumbiyalı müdafiəçi hazırkı vəziyyətin özü üçün də göydəndüşmə olduğunu bildirib: "Məlum səbəblərdən bir müddət rəsmi oyunlardan kənar qaldım. Oyun ritmini bərpa etmək və matçlara hazır olmaq üçün əlverişli zamandır. Məşqlərimiz öz axarında davam edir və bundan maksimum yararlanmağa çalışırıq".
28 yaşlı oyunçu Premyer Liqada komandaların "Qarabağ"a qarşı fərqli mübarizə apardıqlarını bildirib: "Oyunlar getdikcə daha da çətinləşir. Komandalar bizə qarşı fərqli əhval-ruhiyyədə, motivasiyada hazırlaşırlar. Bu baxımdan oyunlar bizim üçün çətin keçir. Buna baxmayaraq, hədəflərimiz dəyişmir. Növbəti oyunlarda maksimum xallar qazanmağa çalışacağıq".