
Elşən MƏMMƏDOV
Rusiya -Sloveniya oyununa baxıram, tribunada xeyli azarkeş var. Digər ölkələrdən bəzilərində də DÇ-2022-nin oyunları azarkeşlə keçirilir. Dünyanın hər tərəfindən turistlər qəbul edən Macarıstan isə idman yarışları oylağına çevrilib. Pandemiya dövründə nəinki futbol, digər növlər üzrə də nüfuzlu yarışlar məhz bu ölkədə təşkil olunub.
Amma Bakıda AVRO-2020 öncəsi 70 minlik Olimpiya Stadionuna Serbiya ilə oyun üçün azarkeş buraxılmayacaq. Guya buraxydılar, nə olacaqdı? Bəlkə tribunalar ağzınacan dolacaqdı? Ən azı eksperiment xatirinə məhdud sayda tamaşaçının gəlişinə icazə vermək olmazdı?
Həm Rusiya, həm də Azərbaycan AVRO-2020-yə ev sahibliyi edəcək. Rusiya Futbol İttifaqı nəinki yerli, hətta əcnəbi azarkeşləri oyunlara buraxacaqlarını açıqlayıb. Bu, həm də UEFA prezidenti Aleksandar Çeferinin "Avropa çempionatı azarkeşsiz keçirilməyəcək" mövqeyinə tam uyğundur.
Bu məntiqlə Bakıdakı oyunlar da boş tribunalar önündə baş tutmamalıdır. Əks halda, Azərbaycan paytaxtı Avropa çempionatının təşkilatçılıq hüququndan məhrum ediləcək.
Amma Avropa çempionatından cəmi bir həftə öncə Bakıda keçirilməli olan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin azarkeşsiz gerçəkləşəcəyi açıqlanıb. Səbəb kimi "Formula 1" rəhbərliyinin belə qərar qəbul etdiyi və bu qərarın bütün Qran-prilərə şamil olunacağı göstərilib. Halbuki elə həmin açıqlamanın ertəsi Fransa Qran-prisi üçün biletlərin satışa çıxarıldığı xəbəri yayılıb.
Görünən odur ki, azarkeşlərin nüfuzlu idman yarışlarına buraxılması birmənalı olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın iradəsindən asılıdır. Onlara isə nə "Formula 1" rəhbərliyinin, nə də UEFA-nın mövqeyi maraqlıdır.