Serbiya mətbuatı Azərbaycan yığması ilə DÇ-2022-nin seçmə oyunu öncəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov barədə yazı hazırlayıb.
Sportnet.az-ın məlumatına görə, məqalə "Kimdir Qurban Qurbanov? Adını Azərbaycan futbolu tarixinə yazdıran, Serbiya və Monteneqronun həyatını söndürən insan" başlığı ilə dərc olunub.
Yazıda Serbiya millisinin beş görüşdən üçündə qələbə qazandığı, lakin ilk iki görüşdə qənaətbəxş nəticənin qeydə alınmadığı vurğulanıb: "Mənfi göstərici bir nəfərin - adı yerli futbolun tarixinə qızıl hərflərlərlə yazılmış Qurban Qurbanovun sayəsində mümkün olub".
Yazıda bildirilir ki, sabiq hücumçunun futbolçu karyerası 1998 - 2006-cı illəri əhatə edir. Karyerasını bitirməsindən xeyli vaxt keçsə də, onun 68 oyuna 14 qolla hələ də millinin ən yaxşı bombardiri olduğu xatırladılıb.
Daha sonra 2003-cü ildə Azərbaycan yığmasının həmin vaxt Serbiya və Monteneqro adlanan komandaya Avropa çempionatının seçmə mərhələsində sensasiya hazırladığı qeyd olunub: "Özü də bir yox, iki dəfə. Həmin vaxt baş məşqçi əfsanəvi futbolçu, amma mütəxəssis kimi təcrübəsi olmayan Deyan Saviçev idi. 2003-cü ilin fevralında Azərbaycan millisi Podqoritsaya mütləq autsayder qismində gəlmişdi. Serbiya və Monteneqro yığmasında isə Predraq Miyatoviç, Savo Miloşeviş, Deyan Stankoviç, Mateya Kezman, Qoran Bunyevçeviç kimi as oyunçular var idi. Azərbaycan futboluna qoyulan investisiya isə indikinə yaxın durmurdu. Qurban Qurbanov həyatının matçını oynayaraq Podqoritsadakı azarkeşləri sükuta qərq etdi. O, Predraq Miyatoviç və Nikola Lazetiç qolları ilə geri düşən komandasını 58 və 70-ci dəqiqədə vurduğu qollarla məğlubiyyətdən xilas etdi. Fanatlar isə Saviçevin komandasını fitə basaraq yola saldılar. Ən pisi isə odur ki, rəqib bu matçdadək xeyli zəifləmişdi. Çünki əsas komandanın bir neçə oyunçusu AFFA ilə mükafat mübahisəsi üzündən səfərə yollanmamışdılar. Lakin qiyamçılar arasında təəssüf ki, Qurbanov yox idi".
Yazıda həmin ilin iyununda Serbiya və Monteneqronun daha sarsıdıcı nəticə ilə üzləşdiyi qeyd edilib: "Bakıdakı görüşdə Branko Boşkoviçin qolu ilə uzun müddət öndə komandamız 88-ci dəqiqədən etibarən dəhşətə gəldi. Əvvəlcə Qurbanov penalti ilə hesabı bərabərləşdirdi. Əlavə edilmiş vaxtda isə Fərrux İsmayılov Azərbaycana seçmə mərhələdə ilk və yeganə qələbəsini qazandırdı. Azərbaycan qrupu cəmi 4 xalla sonuncu pillədə başa vurdu. Bu xalların hamısı Serbiya və Monteneqro ilə görüşlərdə əldə edilib. Komandamız heç olmasa Bakıda bir xal qazana bilsəydi, Uelsi geridə qoyaraq pley-offa yüksələ bilərdi".
O da bildirilib ki, Qurbanov yığmada 7 il ərzində 14 qolundan 3-nü Serbiya və Monteneqronun qapısından keçirib. Keçmiş forvard digər komandalardan heç birini hər iki oyunda məyus edə bilməyib. Onun 15 klubda 399 oyun 178 qol vurduğu, ən böyük izi isə "Neftçi"də qoyduğu vurğulanıb. Baş məşqçi kimi isə Qurbanovun "Qarabağ"da daha çox qaldığı və 2008-ci ildə gəlişindən sonra Ağdam klubunda yüksəlişin başladığı bildirilib: "Mütəxəssis avrokuboklarda 35 qələbə ilə ən uğurlu baş məşqçi ünvanına sahib olub. "Qarabağ" isə 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib".