Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Portuqaliyaya qarşı ilk tur matçı ilə müqayisədə De Byazi bu dəfə start heyətində iki dəyişiklik edib. İtaliyalı mütəxəssis Vüqar Mustafayevin əvəzinə İsmayıl İbrahimliyə, Mahir Emrelinin yerinə isə Anatoli Nuriyevə "11-lik"də şans verib.
Matçda ilk təhlükəli epizodu qonaqlar yaradıblar. Künc nöqtəsindən ötürmə zamanı Aleksandar Mitroviçin baş zərbəsində dəqiqlik çatmayıb. Ardınca Əli Qurbaninin başla vurduğu top qapının üstündən keçib. 16-cı dəqiqədə isə serbiyalılar hesabı açıblar. Müdafiəçilərin ani diqqətsizliyindən istifadə edən Mitroviç yerlə uzaq küncü nişan alaraq, komandasını önə keçirib.
İlk yarıda meydan sahibləri bir real qol vəziyyəti yaradıblar. 31-ci dəqiqədə Qurbani 100 faizlik qol şansından yararlana bilməyib. Nuriyevin ötürməsindən sonra Predraq Raykoviçlə təkbətək qalan forvardın zərbəsini qapıçı zərərsizləşdirib. 37-ci dəqiqədə Mitroviç növbəti dəfə qola yaxın olsa da, zərbəsi qeyri-dəqiq alınıb. İlk hissə Serbiya yığmasının minimal üstünlüyü ilə başa çatdı.
İkinci hissədə daha yaxşı başlayan Azərbaycan millisi hesabı bərabərləşdirmək üçün əla şans qazansa da, Nuriyevin qüvvətli zərbəsinin qarşısını qolkiper alıb. 53-cü dəqiqədə Duşan Tadiçin cərimə meydançasının kənarından vurduğu topu Şahruddin Məhəmmədəliyev çətinlik çəkmədən tutub. 3 dəqiqə sonra isə Nuriyev növbəti dəfə diqqət mərkəzinə düşüb. Sağ cinahda bir müdəfiəçini keçən futbolçunun yerlə ötürməsinə Qurbani istədiyi kimi toxuna bilməyib.
59-cu dəqiqədə isə görüşdə ikinci qol vurulub. Özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib.
68-ci dəqiqədə iki dəyişikliyə əl atan De Byazi Qurbanini Ramil Şeydayevlə, Nuriyevi isə Mahir Emreli ilə əvəzləyib. 74-cü dəqiqədə Məhəmmədəliyev üzbəüz epizodda Mitroviçin fərqlənməsinə imkan verməyib. 79-cu dəqiqədə isə Emreli əzələsini dartaraq, əvəzlənməli olub. 81-ci dəqiqədə isə Məhəmmədəliyev 27 yaşlı forvardın dubl etməsinə mane ola bilməyib.
Bu qələbədən sonra xalını 7-yə çatdıran Serbiya yığması liderliyini qoruyub. Xalı olmayan Azərbaycan millisi isə sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında İtaliyada Portuqaliya seçməsinə 0:1 hesabı ilə uduzub. Qətərlə yoldaşlıq xarakteri daşıyan görüş də yığmanın məğlubiyyəti ilə başa çatıb - 1:2.
---------------------------------------------
Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasını qonaq edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da start götürəcək.
İndiyədək Azərbaycan və Serbiya yığmaları 5 dəfə qarşılaşıb. Bunlardan 4-ü rəsmi, 1-i isə yoldaşlıq oyununa təsadüf edib. Oyunlardan 1-də Azərbaycan, 3-də Serbiya qalib gəlibsə, daha 1 oyunda heç-heçə qeydə alınıb. Topların nisbətində də rəqib komanda öndədir - 14:6.
Yığmanın heyətində müdafiəçi Bəhlul Mustafazadə zədəlidir. "Sabah"ın futbolçusunun oynayıb-oynamayacağı sual altındadır. Serbiyalılar isə Bakıya 3 itki ilə gəlib. Almaniya "Verder"ində çıxış edən müdafiəçi Miloş Velkoviç və Rusiya "Rubin"inin hücumçusu Corce Despotoviç zədə, İtaliya "Fiorentina"sının müdafiəçisi Nikola Milenkoviç isə cəza səbəbindən meydana çıxa bilməyəcək.
Azərbaycan millisi qrupdakı ilk matçında Portuqaliyaya 0:1, yoldaşlıq görüşündə Qətərə 1:2 hesabı ilə uduzub. Serbiya yığması isə qrupdakı hər iki oyununu evdə keçirib. İrlandiyaya 3:2 hesabı ilə qalib gələn Draqan Stoykoviçin rəhbərlik etdiyi komanda Portuqaliya ilə oyunda heç-heçəyə razılaşıb - 2:2.
Hazırda qonaqlar 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Xalı olmayan Azərbaycan millisi isə 4-cü pillədə qərarlaşıb.
DÇ-2022-nin seçmə mərhələsi
III tur
A qrupu
20:00. Azərbaycan - Serbiya - 1:2
Qollar: Emin Mahmudov, 59 (pen.) - Aleksandar Mitroviç, 16; 81
Hakimlər: Roy Raynşrayber, David Elias Biton, Sagi Metzamber, David Fuksman (hamısı İsrail)
Bakı Olimpiya Stadionu
Xal durumu: Serbiya - 4, Portuqaliya - 4, Lüksemburq - 3, Azərbaycan - 0, İrlandiya - 0.
Qeyd edək ki, bu qrupun digər matçlarında Lüksemburq Portuqaliya ilə, Qətər isə İrlandiya ilə üz-üzə gələcək.