"Zədəm sağalıb, heç bir ağrı hiss etmirəm. Təxminən 20 günlük fasilədən sonra komanda ilə birgə məşqlərdə iştirak edirəm, iki tərəfli oyunlarda qapıda dayanıram”.
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futzalçısı Emin Kürdov federasiyanın rəsmi saytına açıqlamasında zədəsi barədə danışarkən deyib.
Zədəli olduğuna görə Moldova ilə Avropa çempionatının seçmə məhələ oyununu buraxan qapıçı məşqlərə qatılıb. Kürdovun sözlərinə görə, bir müddət hazırlıqdan
kənarda qalması ona müəyyən problemlər yaradıb: "Əsas çətinlik oyun təcrübəsinin olmaması ilə bağlıdır. Məşqlərdə iştirak edirəm, amma qapını hiss etmək və koordinasiya ilə bağlı çətinliyim var. Bu da tədricən düzələcək”.
Təcrubəli qolkiper komandada ab-havanın yaxşı olduğunu vurğulayıb: "Məşqlərdə hər kəs həvəslə çalışır. Düzdür, hazırda tam heyətlə məşq keçmirik. Çünki ölkə xaricində çıxış edən futzalçılarımız hələ komandaya qoşulmayıb. Onlar sabah başlayacaq toplanış müddətində Bakıya gələcəklər. Komanda tam komplektləşdikdən sonra hər şey bilinəcək”.
Slovakiya yığması ilə qarşıdakı seçmə mərhələ oyununa da toxunan Kürdov səfərə ancaq qələbə qazanmaq üçün yollanacaqlarını bildirib: "Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etsək də, məsələ bizim üçün yekunlaşmayıb. Son 2 oyunda da maksimum xallar qazanmaq üçün mübarizə aparacağıq. İstəyirik qitə birinciliyinə qrup lideri kimi yollanaq. Bu məqsədə Slovakiyada çatmalııq. Top yumuru, meydan isə düzdür, bəzən hər şey istədiyin kimi getmir. Ona görə daha bir limitimiz olacaq. Söhbət Bakıda keçirəcəyimiz Yunanıstan yığması ilə görüşdən gedir. Doğma meydan amili oyunlarda bizə hər zaman üstünlük verir. Ammaq bu, son variantdır. Biz liderliyi Slovakiya yığması ilə oyunda həll etmək istəyirik. Həm də qazanılan hər bir qələbə bizə reytinq xalı gətirir. Ona görə stimul hər zaman var".
Qeyd edək ki, aprelin 8-də keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.