Azərbaycan Premyer Liqasında cari mövsümdə qeydə alınan dublların sayı artır. Sportnet.az-ın məlumatına görə, arxada qalan 5 turda artıq 7 dubl olub.
Sonuncuya "Qəbələ”nin fransalı futbolçusu Baqali Dabo imza atıb. 28 yaşlı hücumçu "Sumqayıt”la təxirə salınan ev oyununda vurulan hər 2 qolun müəllifi olub.
Hazırkı çempionatda iki dəfə bir turda iki dubla imza atılıb. Buna ötən turda millimizin üzvləri - "İnter”in hücumçusu Rauf Əliyevlə "Qarabağ”ın yarımmüdafiçisi Rahid Əmirquliyev nail olublar. Rauf 2-ci mövsümdür şərəfini qoruduğu "İnter”də ilk dəfə dubl edibsə, Əmirquliyev bu ilin yanvarında şərəfini qoruduğu "Qarabağ”da qol hesabını açıb.
Əliyevə "Neftçi” ilə oyunda 2 qol vurub komandasına 2:1 hesablı əzmkar qələbə qazandırmaq (87 və 90-3-cü dəqiqələr) üçün cəmi 6 dəqiqə bəs edib. Əmirquliyev isə "Zirə”ni 2:0 hesabı ilə məğlub etdikləri ev oyununda ilk hissədə 17 dəqiqəyə (20 və 37-ci dəqiqələrdə) fərqlənib.
Dubllarda lider komanda "Qarabağ”dir. Premyer Liqada son 3 mövsümün qalibi 3 dəfə buna nail olub. Cari çempionatın ilk dubluna isə "İnter” məhz "Qarabağ”la ilk turdakı qarşılaşmada imza atıb. Onda yarımmüdafiəçi Ruslan Abışov "İnter Arena”da 2 qol vurmaqla komandasına 2:1 hesablı əzmkar qələbə qazandırıb. Bunu 5 dəqiqəyə (70 və 75-ci dəqiqələr) edən Abışov ən erkən dublun müəllifi idi. Ancaq Dabo da 2 qolunu bu müddətə (85 və 90-cı dəqiqələdə) etməklə ona şərik oldu.
Cari çempionatda ikinci dubl 3-cü turda qeydə alınıb. "Zirə”nin legioneri – albaniyalı Gerhard Proqni qol hesabını evdə AZAL-a (3:1, 39 və 85-ci dəqiqələr) 2 qol vurmaqla açıb. Dördüncü turda da AZAL-ın qapısına dubl edən olub. Özü də 1 yox, 2 futbolçu. Bunlar "Qarabağ”ın 6:0 hesabı ilə qalib gəldiyi matçda fərlqənən braziliyalı hücumçu Reynaldo Silva (2 və 64-cü dəqiqələr) və millimizin müdafiəçisi Maksim Medvedev (42 və 66-cı dəqiqələr) olublar.
Göründüyü kimi, AZAL-la "Neftçi” hərəyə 2, "Qarabağ”, "Zirə” və "Sumqayıt” hərəyə 1 dəfə rəqibin dublunun əziyyətni çəkib. "Qarabağ”la "Zirə” digər 3 komandadan özləri də dubl etməyi bacarıb. Bura "İnter” və "Qəbələ” də aiddir.
Mehman Süleymanov