Azərbaycan millisinin kapitanı Emin Mahmudov 2025/2026 mövsümündə "Neftçi"nin heyətində 10-cu qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, bu, XXX turun "Karvan-Yevlax"la səfər matçına təsadüf edib.
34 yaşlı yarımmüdafiəçi 49-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək, komandasının ikinci qolunun müəllifi olub. Görüş "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 3:0.
Beləliklə, Mahmudov çempionatda 10-cu dəfə fərqlənib. Təcrübəli futbolçu qollarının yarısına dəqiq penalti zərbəsi ilə imza atıb.
Azərbaycan millisində isə o, 16 qolunun 6-nı 11 metrlik cərimə zərbəsi ilə vurub. Həm yığma, həm də klubda ştatlı penalti ustası kimi tanınan Mahmudov vaxtilə "Neftçi"də bu vəzifəni yerinə yetirmiş olimpiya çempionu və sonralar millinin baş məşqçisi olmuş İqor Ponomaryovla müqayisə oluna bilər. Ponomaryov da yarımmüdafiəçi mövqeyində çıxış edib və futbolçu karyerası ərzində 34 penaltidən 31-ni dəqiq yerinə yetirib. Bu göstərici ilə veteran oyunçu SSRİ çempionatlarının rekordçusu olub.
Mahmudov Sportnet.az-a eksklüziv açıqlamasında Ponomaryovla müqayisə olunmasına belə reaksiya verib: "Əslində onun penaltidən necə qollar vurduğunu görməmişdim. Amma mənə çox yaxşı qollara imza atdığını demişdilər".
Kapitan penalti vurmaq üzərində çox işlədiyini vurğulayıb: "Ona görə də belə zərbələri yerinə yetirəndə rahatam".
Qeyd edək ki, İqor Ponomaryov "Neftçi"də 1978 - 1981, 1983 - 1988-ci illərdə forma geyinib və 226 oyunda 63 qol vurub. Hazırda o, "Sabah" klubunun Müşahidə Şurasının üzvüdür. Emin Mahmudov isə 2017-ci ildən çıxış etdiyi "ağ-qaralar"ın heyətində indiyədək 286 qarşılaşmada 71 qol müəllifi olub.
Haşım MƏMMƏDOV















































































