San Marino üzərində qazanılan qələbəyə sevinmək ayıb deyil. Ayıbı başqa yerdə axtarın...
Azərbaycan futbolunu elə bir vəziyyətə gətiriblər ki, artıq dünyanın ən zəif komandalarından biri üzərində qələbə belə "əzmkar zəfər" kimi təqdim olunur.
Əslində bu qələbə yox, futbolumuzun gəlib çıxdığı nöqtə müzakirə edilməlidir.
Yaxın keçmişə nəzər salaq: Azərbaycan millisi 10 il əvvəl Norveçi 1:0 hesabı ilə məğlub etmişdi. O vaxt bu nəticəni təsadüf adlandıranlar vardı.
8 il ötdü, "Qarabağ" Norveçdə "Budö Qlimt"i məğlub etdi. Amma buna da burun büzənlər tapıldı. Ki, Avropa Liqasının Liqa mərhələsində bundan başqa qələbə olmadı. Guya bunlar adi hadisələr idi.
İllər keçdi. Bu gün isə Norveç dünya futbolunun nəhənglərinə qarşı uğurlu nəticələr əldə edəndə, Braziliyanı məğlub edəndə hamı heyrətlənir. Halbuki Braziliya Norveç tərəfindən 1998-ci ildə də məğlub edilmişdi.
İndi San Marjno qələbəsinə sevinənlər nəsli Norveçin Braziliya zəfərini sensasiya adlandırır. Halbuki Braziliyanın əvvəllər də Norveçi udan günü olmayıb... Yəni, bu nəticə əvvəllər də olub, indi də...
Deməli, problem Norveçdə deyilmiş. Problem bizim öz uğurlarımızın qədrini bilməməyimizdə imiş.
AFFA illərdir milyonlarla vəsait xərcləyir, inkişaf proqramlarından danışır, strategiyalar təqdim edir. Amma vaxtilə hətta təsadüfi adlandırılan qələbələr də indi qazanılmır. Əksinə, milli komanda "cırtdanlar"ın da əlində əsir-yesir qalıb.
Bəs nəticə haradadır? Milli komandanın oyununda? Uşaq futbolunda? Regionlarda? Azarkeşin stadiondan uzaqlaşmasında? Yoxsa FIFA reytinqində?
Onilliklər ərzində görülən işlərin yekunu San Marino üzərində qələbəni tarixi hadisə kimi təqdim etməkdirsə, o zaman uğurdan yox, AFFA-nın idarəetməsinin iflasından danışmaq lazımdır.
Bu gün futbol ictimaiyyətinə elə bir psixologiya aşılanıb ki, insanlar artıq böyük hədəfləri yox, minimum nəticələri normal qəbul etməyə başlayıblar. Gözləntilər aşağı salınıb, tələbkarlıq zəiflədilib. Hesabat verməli olanlar isə hər dəfə kiçik uğurları böyük nailiyyət kimi qabardırlar.
AFFA rəhbərliyi özündən soruşmalıdır: Azərbaycan futbolunun hədəfi San Marino üzərində qələbəyə sevinən ölkə olmaq idi, yoxsa Norveç kimi komandalarla bərabər səviyyədə mübarizə aparan futbol sistemi qurmaq?
Azarkeşin problemi bir oyunun nəticəsi deyil. Problem odur ki, illər keçir, rəhbərlik dəyişmir, vədlər təkrarlanır, amma futbol yerində sayır.
San Marino üzərində qələbə münasibətilə futbolçuları təbrik etmək olar. Amma bu qələbəni AFFA-nın fəaliyyəti üçün bəraət qazandıran arqumentə çevirmək olmaz.
Çünki bu gün alqışlanmalı olan bir nəticədən çox, cavablandırılmalı olan bir sual var: Azərbaycan futbolu bu qədər vəsait, bu qədər zaman və bu qədər vəd qarşılığında niyə hələ də San Marino üzərində qələbəni böyük hadisə kimi təqdim etməyə məcburdur?









































































