Mərkəzi Ordu İdman Klubunun (MOİK) təşəbbüsü ilə Mingəçevir şəhərində yerləşən 18 nömrəli tam orta məktəbdə sərbəst güləş bölməsi yaradılıb.
Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, klubun təyin etdiyi məşqçi-müəllim Anar Bayramovun rəhbərliyi altında qısa müddət ərzində məşq edən yeniyetmə və gənclərin sayı 100 nəfərə çatıb.
Federasiyanın güləş xalçası hədiyyə verərək, digər zəruri idman avadanlıqlarla təchiz etdiyi zal rəsmən istifadəyə verilib.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, MOİK rəisi Vüqar Əsgərov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, baş katib Pərvin Piriyev, Etika və İntizam Komitəsinin üzvü Firdovsi Umudov və Mərkəzi Aran bölgəsinin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Güləş zalında yaradılmış şəraitlə tanış olan qonaqlar idmançılarla söhbət edib, onlara öz tövsiyələrini çatdırıblar. Bildirilib ki, Mingəçevir idman potensialı yüksək olan şəhərdir. Burada gələcəkdə idman infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu zal Mingəçevirdə sərbəst güləşin inkişafına, istedadlı idmançıların yetişməsinə və ölkə güləşinin uğurlarına yeni töhfələrin verilməsinə mühüm zəmin yaradacaq.




















































































