Azərbaycan Güləş Federasiyasının (AGF) regionlarda güləşin inkişafı və idman infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr davam edir.
Sportnet.az xəbər verir ki, bu layihələr çərçivəsində Qazax rayonunun Daş Salahlı kəndində yeni sərbəst güləş zalı istifadəyə verilib. Daş Salahlı 1 nömrəli tam orta məktəbin 2006-cı il məzunlarının maliyyə dəstəyi ilə inşa olunan idman zalında hazırda 120-yə yaxın yeniyetmə sərbəst güləş üzrə məşq edir.
Yeni idman obyektinin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov,
federasiyanın baş katibi Pərvin Piriyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AGF-nin Etika və İntizam Komitəsinin üzvü Firdovsi Umudov, U-17 milli komandasının böyük məşqçisi Hacı Əliyev, Qərb bölgəsinin idman ictimaiyyətinin nümayəndələri, məşqçilər, veteran güləşçilər və kənd sakinləri iştirak ediblər.
Qonaqlar güləş zalında yaradılmış şəraitlə tanış olub, gənc idmançılarla söhbət edərək onlara tövsiyələrini veriblər. Bildirilib ki, yeni idman obyektinin istifadəyə verilməsi regionda güləşin inkişafına, uşaq və yeniyetmələrin sağlam həyat tərzinə cəlb olunmasına, eləcə də gələcək çempionların yetişdirilməsinə mühüm töhfə verəcək. Tədbirdə dövlətin idmana göstərdiyi diqqət və qayğı, həmçinin Azərbaycan Güləş Federasiyasının bölgələrdə idman infrastrukturunun inkişafına yönəlmiş fəaliyyəti xüsusi vurğulanıb.
Çıxışlarda qeyd olunub ki, Qazaxın 2026-cı il üçün Azərbaycanın İdman Paytaxtı elan edilməsi rayonda idmanın inkişafına əlavə stimul verib. Daş Salahlıda istifadəyə verilən yeni güləş zalı da bu çərçivədə həyata keçirilən mühüm layihələrdən biri olmaqla, idman infrastrukturunun genişləndirilməsinə, gənclərin sağlam həyat tərzinə təşviqinə və onların idmana marağının artırılmasına xidmət edir.
Tədbir çərçivəsində İslam Həmrəyliyi Oyunlarının mükafatçısı, Daş Salahlı güləş zalının məşqçi-müəllimi Əsgər Məmmədəliyevin rəhbərliyi ilə nümunəvi məşq keçirilib. Daha sonra Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Hacı Əliyevin iştirakı ilə imza mərasimi təşkil olunub.
Azərbaycan Güləş Federasiyası tərəfindən güləş xalçası və zəruri idman avadanlıqları ilə təmin edilən yeni zalın fəaliyyətə başlaması Daş Salahlı və ətraf yaşayış məntəqələrində yaşayan gənclərin daha müasir şəraitdə məşq etməsinə imkan yaradacaq, bölgədə sərbəst güləşin inkişafına əlavə təkan verəcək









































































