UEFA "Turan Tovuz"la bağlı İntizam Komitəsinin qərarının tam mətninin nə vaxt açıqlanacağına aydınlıq gətirib.
Sportnet.az-ın sorğusuna cavab olaraq UEFA-nın mətbuat xidməti bildirib ki, klubla bağlı əsaslandırılmış qərar iş tam yekunlaşdıqdan sonra təşkilatın rəsmi internet saytında dərc ediləcək.
Qurumun açıqlamasında qeyd olunub ki, standart prosedura uyğun olaraq, "Turan Tovuz" işi üzrə tam əsaslandırılmış qərar yalnız bütün hüquqi proseslər başa çatdıqdan sonra bu linkdə yayımlanacaq:
"Standart prosedura uyğun olaraq, "Turan Tovuz" işi üzrə tam əsaslandırılmış qərar yalnız iş yekunlaşdıqdan, o cümlədən mümkün CAS (İdman Arbitraj Məhkəməsi) apellyasiyasından sonra rəsmi saytımızda dərc olunacaq".
Beləliklə, UEFA Apellyasiya Bürosunun qərarı artıq ictimaiyyətə açıqlansa da, İntizam Komitəsinin "Turan Tovuz"la bağlı tam qərarının mətni hələlik əlçatan deyil və yalnız prosesin yekununda dərc ediləcək.













































































