İlk növbədə qeyd etmək istəyirəm ki, AFFA tərəfindən yeni Texniki Direktor vəzifəsinə təyin olunmağımı və Azərbaycan futbolunun inkişafı istiqamətində həyata keçiriləcək bu genişmiqyaslı layihəyə rəhbərlik etmək üçün mənə etimad göstərilməsini böyük şərəf hesab edirəm.
Sportnet.az xəbər verir ki,bu sözləri AFFA-nın yeni texniki dirketoru Edmond Klaus qurumun mətbaut xidmətinə müsahibəsində deyib.
O, qarşıdakı üç il ərzində əsas məqsədimiz Azərbaycan futbolunun dayanıqlı inkişafını təmin etmək, gənclərdən ibarət milli komandaların nəticələrini yaxşılaşdırmaq və onların daha uğurlu çıxış etmələrinə nail olmaq olduğunu bildirib: "Mənə bu mühüm vəzifəni etibar etdiklərinə görə AFFA prezidenti cənab Rövşən Nəcəfə, İcraiyyə Komitəsinin üzvlərinə, baş katib cənab Cahangir Fərəcullayevə və onun müavinlərinə təşəkkürümü bildirirəm.
FIFA-nın rəsmi internet səhifəsində AFFA prezidentinin gənclərin inkişafına, futbol akademiyalarına və kütləvi futbola investisiya qoyuluşunun vacibliyi barədə fikirlərini oxumaq məni çox sevindirdi. O qeyd edirdi ki, diqqətimizi yalnız nəticələrə yönəltməməli, Azərbaycan futbolunun inkişafına daha geniş prizmadan yanaşmalı, eyni zamanda azarkeşləri komandalarımızı dəstəkləməyə və stadionlara gəlməyə təşviq etməliyik.
Qarşıma qoyduğum əsas məqsədlərdən biri uzun fasilədən sonra yaxın gələcəkdə oğlanlardan ibarət gənclər milli komandaların UEFA turnirlərinin A Liqasında mübarizə aparmaları və beynəlxalq arenada daha rəqabətədavamlı olmalarıdır. Həm toplanışlar zamanı, həm də toplanışlardan kənarda millinin bütün futbolçuları üçün fərdi inkişaf proqramlarının hazırlanması, oğlan və qızlardan ibarət millilərin vahid futbol fəlsəfəsinə əsaslanan cəlbedici oyun üslubunda çıxış etmələri, akademiyaların qiymətləndirilməsi, istedadların müəyyənləşdirilməsi sisteminin yaradılması, texniki fəaliyyətlə məşğul olan AFFA departamentləri arasında daha sıx əməkdaşlığın və səmərəli iş prinsipinin formalaşdırılması prioritetlərimizdir".