"Kəpəz" klubu seleksiya işlərini yekunlaşdırmaq üzrədir.
Sportnet.az xəbər verir ki, bu barədə "sarı-göylər"in baş məşqçisi Azər Məmmədov Gəncə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis ötən gün "Şamaxı" ilə qolsuz heç-heçə etdikləri yoxlama oyunundan sonra fikirlərini bölüşüb:
"Bu yoxlama oyunumuz hazırlıq dövrünün 2-ci hissəsinə təsadüf edib. Bu matçın hazırlığına 4 gün idi ki, başlamışdıq və gündə iki dəfə məşq keçirdik. Futbolçular məşqlərdə də, oyunda da özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. Təbii ki, çatışmayan məqamlar var. Bir neçə mövqedə futbolçularla danışıqlar gedir. Seleksiya işlərini yekunlaşdırmaq üzrəyik".
A.Məmmədov futbolçuların durumundan da danışıb:
"Sevindirici hal ondan ibarətdir ki, ilk görüşlə müqayisədə fiziki hazırlıq və texniki baxımdan irəliləyiş hiss olunur. Amma daha çox çalışmalıyıq ki, çatışmayan cəhətlərimizi aradan qaldıraq. Qəbələdə keçirilən hər iki oyunda bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm".












































































