UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) komandası ilə keçiriləcək ilk oyundan əvvəl “Neftçi”nin baş məşqçisi Yuri Vernidub mətbuat konfransında iştirak edib.
Sportnet.az xəbər verir ki,Ukraynalı mütəxəssis komandasının qarşılaşmaya yaxşı hazırlaşdığını bildirib:
“Mənim bir arzum var ki, “Neftçi” 90-cı illərdəki kimi çempion olsun, çünki bu komanda buna layiqdir. Mənim üçün də bu liqada çalışmaq ilk təcrübədir.
Sabahkı oyunda da əlimizdən gələni edəcəyik. Qarşılaşmaya çox yaxşı hazırlaşmışıq. Klubumuzun böyük tarixi var. Mən isə “Neftçi”də ilk dəfə baş məşqçi kimi Konfrans Liqasında iştirak edəcəyəm. Bu baxımdan sabahkı oyun həm mənim, həm də komanda üçün çox əhəmiyyətlidir".
Vernidub hansı komandanın üstün olduğunu öncədən söyləməyin mümkün olmadığını bildirib: “Bunu oyunun nəticəsi göstərəcək. Əsas məsələ meydanda hansı komandanın özünü daha yaxşı tərəfdən göstərəcəyidir. Ümid edirəm ki, üstün tərəf “Neftçi” olacaq”.
Baş məşqçi transfer çalışmalarının davam etdiyini də vurğulayıb: “Yeni transferlər üzərində işləyirik. Bu, asan proses deyil. Heyətimizə yeni oyunçular qoşulacaq. Hazırkı heyətin yekun variant olduğunu deyə bilmərik. Yaxşı başa düşürük ki, güclənməyə ehtiyacımız var. Transfer pəncərəsinin bağlanmasına hələ vaxt var və bu istiqamətdə işlərimizi davam etdiririk. Komandanın özülü formalaşıb. Bununla belə, bəzi mövqeləri daha da gücləndirməliyik ki, qarşıya qoyduğumuz hədəflərə çata bilək. Rəhbərliklə daim əlaqədəyik. Komandaya yalnız bizi gücləndirəcək futbolçuların cəlb olunmasını istəyirik”.
Ukraynalı mütəxəssis təzyiq hiss etmədiyini söyləyib: "Çünki kifayət qədər təcrübəm var. Səmimi desəm, ailə daxilində bunu hiss edərəm. Amma oyunda, işdə bunu heç vaxt göstərmərəm. Bu, çox normaldır. Azarkeşər niyə tələb edir? Hər zaman səndən yaxşı nəticə gözləyirlərsə, təzyiq olacaq üzərində. Bu təzyiqi həmişə görmüşəm, olub, olacaq. Biz nə etməliyik? Buna hazır olmalıyıq. Mən də hazır olmalıyam, futbolçular da. Onlar olandan sonra təzyiqin ciddi təsiri olmayacaq. Hər şey yaxşı olanda, hamı səni sevir. Yaxşı olmayanda hamı sənə nifrət edir. Məhəbbətdən nifrətə bir addım yol var. Düşünürəm ki, təkcə mənim həyatımda belə deyil. Sadəcə hazır olmaq və irəli getmək lazımdır".
Onun sözlərinə görə, komandanın özəyi var: "Oyunlara davam edə bilərik. Amma transfer işlərimiz davam edir. Sadəcə hər şey o qədər də asan olmur. Əlbəttə ki, 100 faiz əlavələrimiz olacaq. Hazırda 3 qapıçı, 20 oyunçumuz var, oyunlarımızı onlarla davam edəcəyik. Mən də, klub rəhbərliyi başa düşür ki, güclənməyə ehtiyacımız var. Bunun üçün transferlərə ehtiyac var. Vaxt qalıb bir az. Bu yöndə işlər gedir. Bilirik ki, yeni oyunçuların gəlməsi qarşıya qoyulan hədəflərə çatmağa kömək olacaq".
Qeyd edək ki, “Neftçi” – “Dinamo” (Minsk) oyunu iyulun 22-də “Palms Sports Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü iyulun 30-da baş tutacaq.












































































