Küçə futbolundan kütləvi futbola, elit futbolun inkişafından gənclər akademiyalarına, yarış sistemlərindən infrastrukturun idarə olunmasına, məşqçi təhsilindən klub idarəçiliyinə, istedadların müəyyənləşdirilməsindən kişi və qadın milli komandalarına qədər futbol infrastrukturunun bütün istiqamətlərinə təsir göstərə bilmək üçün öz effektivliyini sübut etmiş FAD metodologiyasından istifadə edirəm.
Sportnet.az xəbər verir ki,bu sözləri AFFA-nın yeni texniki dirketoru Edmond Klaus qurumun mətbaut xidmətinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu metod 8 əsas uğur amili üzərində qurulub: "İlk addım mövcud vəziyyətin təhlil edilməsi, Azərbaycanın futbol mədəniyyəti, futbol infrastrukturu və AFFA-nın departamentləri ilə yaxından tanış olmaqdır. AFFA-da artıq yaxşı təşkil olunmuş və strukturlaşdırılmış idarəetmə sisteminin mövcud olduğunu görmək məni sevindirdi. Əsas vəzifələrimdən biri texniki fəaliyyətlə məşğul olan bütün departamentlərin işini əlaqələndirmək, onların fəaliyyətini daha da peşəkarlaşdırmaq və layihələrinin icrasını təkmilləşdirməkdir.
Qeyd etdiyim kimi, gələcək əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə ölkənin peşəkar klublarının gənclər akademiyalarını ziyarət etməyi planlaşdırıram. Milli komandalara futbolçu axını məhz həmin akademiyalarda həyata keçirilən hazırlıq və inkişaf prosesindən asılıdır. Akademiyalar milli komandalar üçün vacib istedad mənbəyidir.
Bununla yanaşı, futbolçu bazasını daha da genişləndirməliyik. Bu baxımdan kütləvi futbol, məktəb futbolu layihələri və elit küçə futbolu proqramları xüsusi əhəmiyyət daşıyır. Bu layihələr vasitəsilə hazırda klubların və akademiyaların diqqətindən kənarda qalan istedadlı futbolçuları müəyyən etmək mümkündür.
Azərbaycan heç bir istedadlı futbolçusunu itirməməlidir. Buna görə də istedadların müəyyənləşdirilməsi və izlənilməsi həm akademiyalar, həm də assosiasiya üçün əsas inkişaf istiqamətlərindən biri olmalıdır".