“Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda sabah Finlandiyanın “KuPS” komandasını qəbul edəcək.
Sportnet.az xəbər verir ki, qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında “bayquşlar”ın hücumçusu Coy-Lens Mikels jurnalistlərin suallarını cavablandırıb.
Almaniyalı futbolçu hansı mövqedə oynamağa hazır olduğunu bildirib:
“Məşqçi məni hansı mövqedə oynatsa, hazıram. Amma özümü hücumçu kimi daha rahat hiss edirəm. Bəli, vinger mövqeyində də çıxış etmişəm. Hazırda hücumçu kimi komandama daha çox fayda verə bilirəm”.
Mikels komandada sağlam rəqabətin olduğunu da vurğulayıb:
“Rəqabət hiss edirəm. Məşqlərdə ən yaxşı tərəfdən özümüzü göstərməliyik ki, məşqçi bizi seçsin”.
O, “KuPS”la oyuna yaxşı hazırlaşdıqlarını qeyd edib:
“Sabah maraqlı qarşılaşma olacaq. Böyük səbirsizliklə gözləyirik. Bu, bizim üçün xüsusi oyundur. Rəqib çox güclüdür, amma biz bir həftə ərzində onları təhlil etmişik. Məşqçimiz bizi bu oyuna hazırlayıb və ümid edirəm ki, sabah qalib gələcəyik”.
Qeyd edək ki, “Sabah” – “KuPS” görüşü Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək. Matç saat 20:00-da başlayacaq. Tərəflər arasında cavab qarşılaşması bir həftə sonra Finlandiyada baş tutacaq.









































































