Azərbaycan Premyer Liqasında XXIX turun “Neftçi” - “Qarabağ” qarşılaşmasında meydan sahibləri 1:5 hesabı ilə yenildi.
Ağır məğlubiyyətdən sonra stadionda gərgin atmosferin olması başadüşüləndir. Lakin bu gərginliyin oyundan sonra media nümayəndələrinə yönəlməsi qəbuledilməz haldır.
Matçdan sonra miks-zonada jurnalistlərin fəaliyyətinə maneə yaradılması ilk ciddi problem idi. "Press" vəsiqəsi olan şəxslərin daxil olmalı olduqları əraziyə girişə icazə verilməməsi peşəkar fəaliyyətə açıq müdaxilə kimi qiymətləndirilməlidir.
Miks-zona futbolçuların media ilə ünsiyyətləri üçün ayrılmış rəsmi sahədir. Bunu bilməyən və ya nəzərə almayan şəxslərin həmin ərazidə xidmət aparmaları suallar yaradır.
Üstəlik, bu, ilk belə hal deyil. Ötən oyunda da mühafizə işçiləridən miks-zonanın yerini soruşan zaman “mən nə bilim?” kimi qeyri-peşəkar və kobud cavabla qarşılaşmışdım. Bu cür yanaşma artıq sistemli problemin mövcudluğundan xəbər verir.
Daha sonra vəziyyətin fiziki təmasa qədər çatması isə məsələni daha da ciddiləşdirdi. Stadion ətrafında azyaşlı azarkeşlər mübahisə etdikləri halda, təhlükəsizlik əməkdaşlarının diqqətlərini jurnalistlərə yönəltmələri, qollarından dartaraq ərazidən uzaqlaşdırmağa çalışmaları nə təhlükəsizlik qaydalarına, nə də etik davranış normalarına uyğundur.
Bu hərəkətə isə “press vəsiqəni görmədim” kimi bəhanə səsləndirərək məsuliyyətdən yayınmaq cəhdi göstərildi. Vəsiqə görünməyibsə, bunu yoxlamağın qaydası var. Fiziki müdaxilə və kobud davranış isə heç bir halda çıxış yolu deyil.
Ünsiyyət tərzi də ayrıca narazılıq doğuran məqam idi. Rəsmi vəzifədə çalışan şəxslərin “sən” deyə müraciət etmələri, kobud və aqressiv danışıq tonu seçmələri böyük klub adına yaraşan davranış deyil. Təhlükəsizlik əməkdaşı gərginliyi azaltmalı, sakitləşdirməli və qayda yaratmalıdır. Dünən isə bunun tam əksi müşahidə olundu.
Ən gülünc məqamlardan biri də mübahisə zamanı “provokasiya yaratmayın” ifadəsinin işlədilməsi idi. Halbuki həmin anda vəziyyəti gərginləşdirən də məhz bu cür yanaşma və əsassız ittihamlar idi.
“Neftçi” ölkənin ən böyük və köklü klublarındandır. Biz bunu təkcə tarixi nailiyyətlər və uğurlara görə yox, peşəkarlığına görə də deyirik. Lakin dünən baş verən hadisələr klubun reputasiyasına ləkə vurur.
Mikayıl HACIYEV








































































