UEFA-ya üzv olan bütün 55 milli assosiasiya 2030-cu il futbol üzrə dünya çempionatını boykot etmək barədə qərar qəbul edib.
Sportnet.az xəbər verir ki, bu barədə UEFA-dakı mənbələrə istinadən talkSPORT jurnalisti Ben Ceykobs məlumat verib.
Onun sözlərinə görə, belə bir addım FIFA-nın turnirin paylarının özəl investorlara satılması planına etiraz olaraq atılıb.
Məlumata görə, UEFA-ya üzv ölkələr yalnız kişilər arasında keçiriləcək DÇ-2030-u deyil, həmçinin qadınlar arasında dünya çempionatını və klublararası dünya çempionatını da boykot etmək niyyətindədir.
Bundan əvvəl FIFA prezidenti Canni İnfantinonun mundialın kommersiya hüquqlarının bir hissəsinin satışı ilə bağlı plan üzərində çalışdığı bildirilmişdi. İddialara əsasən, bu plan ona şəxsən on milyonlarla funt sterlinq gəlir gətirə bilər. Həmçinin danışıqların ABŞ prezidenti Donald Tramp administrasiyasına yaxın şəxslərlə aparıldığı qeyd olunur.
Bir sıra futbol təşkilatları və idman ictimaiyyətinin nümayəndələri bu təşəbbüsü tənqid ediblər. İnfantino sövdələşməni dəstəkləmələri müqabilində FIFA-ya üzv ölkələrin hər birinə 40 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyi təklif edib.
Qeyd edək ki, bu məlumat hələlik rəsmi şəkildə nə UEFA, nə də FIFA tərəfindən təsdiqlənməyib və Ben Ceykobsun UEFA-dakı mənbələrinə istinadən yayılıb.













































































