Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev güləşin ölkə üçün təkcə idman növü olmadığını, həm də milli kimliyin və mədəniyyətin ayrılmaz hissəsi olduğunu bildirib.
Sportnet.az xəbər verir ki, o, “Sülh naminə güləş” təşkilatı ilə AGF arasında imzalanan memorandumun əhəmiyyətindən danışarkən bildirib ki, beynəlxalq tədbirlərdə Azərbaycanın güləş uğurları daim maraq doğurur:
“Bəlkə də hər birimiz peşəkar güləşçi olmamışıq. Amma güləş fəndlərini yaxından tanıyırıq. Güləş Azərbaycan üçün təkcə idman növü deyil, həm də milli kimliyimizin, xarakterimizin və mədəniyyətimizin bir parçasıdır. Den Rassellə görüş zamanı bu layihənin tərkib hissəsi olmaq istədik. Çünki burada sülh, dostluq və peşəkarlıq kimi dəyərlər ön plandadır. Bu prinsiplərə xidmət edən bütün layihələrdə iştirak etməkdən qürur duyuruq”.
Baş katib vurğulayıb ki, AGF-nin əsas məqsədlərindən biri Azərbaycanı dünya güləşinin aparıcı ölkələrindən birinə çevirməkdir:
“Əhalimizin sayı çox olmasa da, Azərbaycan güləş ölkəsidir. Qlobal arenada güləşin flaqmanı olmaq kimi hədəfimiz var. Buna görə də bütün faydalı və yeni təşəbbüslərin bir hissəsi olmağa çalışırıq. Federasiya fəaliyyətinin bütün istiqamətlərində bu yanaşmanı əsas götürür. İmzalanan memorandumun dəyərləri və vizyonu da atacağımız hər addımda tətbiq olunacaq. Məqsədimiz ölkəsindən asılı olmayaraq sosial dəstəyə ehtiyacı olan, ilham almaq və inkişaf etmək istəyən bütün qrupları əhatə etməkdir.”








































































