Bakıda keçirilən Avropa Cüdo Ümidləri Turniri gənc idmançıların gələcəkdə Olimpiya mükafatçısı səviyyəsinə yüksəlməsinə mühüm töhfə verə bilər.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, turnir yeniyetmə cüdoçuların beynəlxalq təcrübə qazanması, texniki bacarıqlarını inkişaf etdirməsi və motivasiya əldə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
"Bu turnirin çox böyük əhəmiyyəti var. İlk növbədə, gənc cüdoçular burada beynəlxalq təcrübə qazanırlar. Bundan başqa, Avropadan gələn ekspertlər idmançılarımıza yeni fəndlər öyrədirlər. Gənclər tanınmış cüdoçularla ünsiyyət qurur, onlardan motivasiya alır və gələcəkdə Avropa, dünya çempionu, eləcə də Olimpiya mükafatçısı ola biləcəklərinə inanırlar", – deyə Bağırov vurğulayıb.
Federasiya rəsmisi növbəti illərdə yarışın daha da genişlənəcəyini düşündüyünü də söyləyib:
"Xarici idmançılar kifayət qədər güclüdürlər və onların əsl səviyyəsini tatami üzərindəki mübarizə göstərəcək. Bildiyiniz kimi, Avropa çempionatları U-17 və U-21 yaş qruplarında keçirilir. Hesab edirəm ki, qarşıdakı 1-2 il ərzində cüdoçularımızdan daha böyük uğurlar gözləmək mümkündür".
Onun sözlərinə görə, burada iştirak edən yerli idmançılar daha əvvəl beynəlxalq yarışlarda iştirak ediblər: "Lakin həmin turnirlər bu səviyyədə olmayıb. Keçən il U-13 və U-15 yaşlılar arasında bu turnir təşkil edilib. Bu dəfə isə 14 və 16 yaş kateqoriyasında baş tutur. Ötən il bu yarışda mübarizə aparmış bir idmançımız yeniyetmələr arasında Avropa birinciliyində gümüş medal qazanıb. Bildiyiniz kimi, Avropa Cüdo Ümidləri Turnirində özünü yaxşı tərəfdən göstərən idmançılar gələcəkdə milliyə dəvət olunacaq. Bu turnir yığmanın məşqçilərinin diqqət mərkəzindədir".
Qeyd edək ki, Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən Avropa Cüdo Ümidləri Turnirində 10 ölkədən 81 klubun 289 yeniyetmə cüdoçusu mübarizə aparır. Yarış EJU-nun yeniyetmə idmançıların inkişafına yönəlmiş ən mühüm layihələrindən biri hesab olunur.








































































