Milli komandadakı qızlar böyük məsuliyyət hiss edirlər.
Sportnet.az xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Bakıda keçiriləcək Avropa çempionatı ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, hazırda komandanın təxminən 80 faizi sırf azərbaycanlı voleybolçulardan ibarətdir: “Vəziyyət 15-20 il əvvəlki kimi deyil. Düzdür, vaxtilə Avropada uğurlu nəticələrimizlə diqqət çəkmişdik. Avropa çempionatında iki dəfə medal qazanmağa çox yaxın olmuşuq. Amma indi vəziyyət tam fərqlidir. Üstəlik, zədəlilərimiz də var”.
Mütəxəssisin sözlərinə görə, komanda qələbə qazandıqca, əhvali-ruhiyyə və motivasiya artır: “Niyə də digər yığmalardan geri qalaq? Milli komandadakı qızlar böyük məsuliyyət hiss edirlər və onlarla apardığımız söhbətlərdən düzgün nəticə çıxarırlar. Mən də çox xoşbəxt məşqçiyəm ki, bu qızlar bizim əlimizdə yetişiblər”.
Qeyd edək ki, Azərbaycan Avropa çempionatının C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.












































































