2026-cı il FIFA Dünya Çempionatı möhtəşəm açılış mərasimi ilə start götürüb.
Sportnet.az xəbər verir ki, Meksikanın paytaxtı Mexikodakı məşhur "Asteka" stadionunda təşkil olunan tədbir mundialın ilk oyunu – Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında keçirilən qarşılaşmadan əvvəl gerçəkləşib.
Matçın start fitindən təxminən iki saat əvvəl başlayan mərasim tamaşaçılara əsl vizual şou bəxş edib.
Dünya ulduzları səhnədə
Açılış mərasimində məşhur ifaçılar Şakira və Burna Boy turnirin rəsmi mahnısı olan "Dai Dai"ni səsləndiriblər. Konsert proqramında həmçinin Meksikanın məşhur "Mana" rok qrupu, "Los Anceles Azules" kollektivi və tanınmış müğənni Belinda çıxış edib.
Konsertlərin ardından stadionun damı üzərində Meksika bayrağının rənglərini əks etdirən tüstü effektləri yaradılıb və azarkeşlərə unudulmaz anlar yaşadılıb.
Meksika tarixə düşdü
2026-cı il dünya çempionatına ev sahibliyi etməklə Meksika yeni rekorda imza atıb.
Şimali Amerika ölkəsi 1970 və 1986-cı illərdən sonra üçüncü dəfə mundiala ev sahibliyi edən ilk ölkə kimi tarixə düşüb.
Bununla yanaşı, "Asteka" da dünya çempionatlarının açılış oyununa üçüncü dəfə ev sahibliyi edən ilk stadion olub.
Dünya çempionatının marşı ilk dəfə səsləndirildi
Açılış mərasimində daha bir tarixi hadisə yaşanıb.
Məşhur italyan tenor Andrea Boçelli və koreyalı müğənni EJAE 2026-cı il dünya çempionatının rəsmi himni olan "DNA" əsərini ilk dəfə canlı ifa ediblər.
Meksikalı aktrisa Salma Hayekin turnirin rəsmi salamlama nitqindən sonra səsləndirilən himn barədə FIFA onun dünya çempionatının ruhunu – birlik, əzmkarlıq, ambisiya və mənsubiyyət hissini əks etdirdiyini bildirib.
Himn səsləndirilərkən mundialda iştirak edən bütün komandaların bayraqları meydanın mərkəzi hissəsinin ətrafında nümayiş olunub.
Meksikalılar tribunaları doldurdu
80 824 tamaşaçı tutumuna malik "Asteka" stadionunda boş yer qalmayıb.
Matçdan əvvəl şəhərdə müxtəlif etiraz aksiyalarının keçirilməsi və yolların bağlana biləcəyi ilə bağlı xəbərdarlıqlar səbəbindən azarkeşlər səhər saatlarından etibarən stadiona üz tutublar.
Nəticədə tribunalarda tam anşlaq qeydə alınıb.
Maradona və Pele unudulmadı
Dünya futbolunun əfsanələri Diego Armando Maradona və Pele də açılış mərasimində yad olunub.
Stadionun nəhəng ekranlarında hər iki futbolçunun karyerasından yaddaqalan görüntülər nümayiş etdirilib və azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.
Yeni oyunöncəsi mərasim keçirildi
FIFA-nın daha əvvəl elan etdiyi yeni oyunöncəsi mərasim də ilk dəfə Meksika – Cənubi Afrika Respublikası görüşündə tətbiq olunub.
Mərasim zamanı hər iki komandanın futbolçuları mərkəz dairəsinin ətrafında düzülüb, ölkələrinin bayraqları açılıb və dövlət himnləri səsləndirilib.
Daha sonra komandaların bayraqlarındakı rəngləri əks etdirən tüstü effektləri nümayiş olunub. Eyni vaxtda stadion üzərindən uçan helikopter vasitəsilə nəhəng Meksika bayrağı açılıb.
Beləliklə, 2026-cı il dünya çempionatı futbol azarkeşlərinin yaddaşında uzun müddət qalacaq möhtəşəm açılış mərasimi ilə start götürüb.













































































































