UEFA Konfrans Liqasında "Zirə" və Estoniyanın "Payde" komandaları arasında keçiriləcək II təsnifat mərhələsinin cavab görüşünün baş hakimi dəyişdirilib.
Sportnet.az xəbər verir ki, qarşılaşmanı xorvatiyalı Dario Bel yox, onun həmyerlisi Patrik Kolariç idarə edəcək.
Kolariçə İvan Yaniç və Dino Knez yan xətt hakimləri, Patrik Pavleşiç isə dördüncü hakim qismində yardımçı olacaqlar.
Maltalı Marko Borq hakim-inspektor, moldovalı Draqoş Hinku UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Baş hakim dəyişikliyi Belin martın 21-də Xorvatiya çempionatının "Vukovar" - "Hayduk" matçında aldığı ciddi zədə ilə əlaqədardır. 38 yaşlı referi həmin qarşılaşmada axill vətərini qırıb və mövsümün sonunadək sıradan çıxıb. Onun müalicədən sonra tam bərpa olunduğu bildirilsə də, bu, baş verməyib. Nəticədə UEFA baş hakim təyinatında dəyişiklik etməyi qərara alıb.
Qeyd edək ki, iyulun 30-da Sumqayıtda keçiriləcək "Zirə" - "Payde" matçı saat 20:00-da başlanacaq. İlk görüşdə Estoniya komandası qalib gəlib - 1:0.











































































